RU

“Himayədar ailə” modeli: Azərbaycanda sosial islahatlar yeni mərhələyə qədəm qoyur 

Cəsarət Hüseynzadə

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri

Azərbaycanda həyata keçirilən sosial islahatlar son illər yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə müxtəlif sosial sahələr üzrə daha müasir və ailə yönümlü yanaşmaların tətbiqi diqqət çəkir. Dövlətin sosial siyasətində əsas prioritetlərdən biri uşaqların müdafiəsi, onların sağlam inkişafı və cəmiyyətə inteqrasiyasıdır. Məhz bu baxımdan “Himayədar ailə” qayğı modeli sosial xidmətlər sistemində mühüm yenilik kimi qiymətləndirilir.


“Himayədar ailə” modeli uşaqların internat və ya digər mərkəzləşdirilmiş mühitdə deyil, ailə mühitində böyüməsini təmin etməyi hədəfləyir. Bu yanaşma beynəlxalq təcrübədə öz effektivliyini sübut etmiş sosial xidmət formalarından biridir. Uşağın ailə mühitində böyüməsi onun psixoloji vəziyyətinə, emosional sabitliyinə və sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Ailə mühiti uşağa sevgi, qayğı və təhlükəsizlik hissi verir, onun cəmiyyətə uyğunlaşmasını asanlaşdırır.
Xatırlatmaq lazımdır ki, bu modelin ilk mərhələlərdə cəmiyyətə tanıdılması və təbliğində vətəndaş cəmiyyəti institutlarının da  rolu olub. 


Məlum olduğu kimi bu model xaricə ölkələrdə də geniş tətbiq olunur. Məsələn Britaniyada dövlətin himayəsində olan uşaqların 80 faizi ailələr verilib.  


Azərbaycanda tətbiq olunan himayədar ailə modeli əsasən Türkiyə təcrübəsinə əsaslanır. Türkiyədə bu modelin tətbiqi 1961-ci ildən başlayıb və xüsusilə son 5–6 il ərzində daha geniş miqyasda uğurlu nəticələr əldə olunub. 


Ölkəmizdə himayədar ailə modeli 2022-ci ildən etibarən tətbiq olunmağa başlanıb və artıq ilk nəticələr özünü göstərməkdədir. Mövcud məlumatlara əsasən, bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailələrə yerləşdirilib. Etiraf edək ki, modelin yeni olması baxımından rəqəmlər az görünə bilər. Lakin bu istiqamətdə mühüm işlər görülür. Xüsusilə maarifləndirmə və ictimai məlumatlandırma tədbirləri geniş şəkildə həyata keçirilir.
Eyni zamanda dövlət himayədar ailələrin üzərinə düşən sosial və maddi yükün azalması üçün xüsusi dəstək mexanizmləri formalaşdırıb. “Himayədar ailə” institutunun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla isə 800 manat məbləğində müavinət təsis edilib. Bu yanaşma həm uşaqların rifahının təmin olunmasına, həm də ailələrin sosial məsuliyyət yükünün balanslaşdırılmasına xidmət edir.


Bu model yalnız uşaqlar üçün deyil, həm də ailələr üçün yeni sosial imkanlar yaradır. Xüsusilə tək uşaqlı ailələr və ya sosial məsuliyyət hissi yüksək olan valideynlər himayədar ailə modelinə qoşulmaqla həm cəmiyyətə töhfə verə, həm də öz uşaqlarının sosiallaşma və empatiya bacarıqlarının inkişafına dəstək göstərə bilərlər. Bu, cəmiyyətdə sosial həmrəyliyin və qarşılıqlı dəstək mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərir.


Ümumilikdə, Azərbaycanda sosial islahatların yeni mərhələsi sosial xidmətlərin daha çox ailə yönümlü modelə keçidi ilə xarakterizə olunur. “Himayədar ailə” modeli bu baxımdan diqqətə layiqdir. 

 

 

Избранный
67
qht.az

1Источники