RU

Cənubi Qafqazda yeni mərhələ: Mustafayevin İrəvan səfərinin DETALLARI

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin İrəvan səfəri sıradan diplomatik təmas deyil, bu eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin göstəricisidir.

Bunu Ölkə.az-a açıqlamasında deputat Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, uzun illər münaqişə fonunda formalaşmış qarşılıqlı etimadsızlıq mühitində belə səfərlərin baş tutması artıq prosesin geriyədönməz xarakter almağa başladığını göstərir. “Bu, tərəflərin sülh gündəliyini sadəcə bəyanat səviyyəsindən çıxarıb real mexanizmlər üzərinə köçürdüyünü təsdiqləyir”, - o vurğulayıb.

Delimitasiya prosesi: hüquqi çərçivə formalaşır
Deputat əlavə edib ki, İrəvanda Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası konkret sənədlərin razılaşdırılması ilə yadda qaldı:
“Hazırlanan təlimatlar ekspert qruplarının iş mexanizmini müəyyən edir, xəritələşdirmə prosesini standartlaşdırır, hüquqi sənədləşmənin vahid qaydasını formalaşdırır. Bu isə o deməkdir ki, tərəflər artıq mübahisəli mövzuları emosional müstəvidən çıxarıb texniki və hüquqi platformaya keçirirlər. Bu, sülh prosesinin ən kritik mərhələlərindən biridir.

 Etimad quruculuğu: paralel diplomatiya işləyir
Qəbələdə keçirilən “Sülh Körpüsü” təşəbbüsü və vətəndaş cəmiyyətlərinin dialoqu göstərir ki, proses yalnız hökumətlər səviyyəsində getmir. Prezidentin köməkçisi Hikmet Haciyevin vurğuladığı kimi, bu təmaslar cəmiyyətlərarası psixoloji baryerləri zəiflədir, uzunmüddətli sülh üçün sosial baza yaradır, gələcək əməkdaşlıq üçün ictimai dəstəyi gücləndirir. Bu model klassik diplomatiyadan fərqli olaraq “aşağıdan-yuxarı” sülh quruculuğu elementlərini də işə salır.

İqtisadi inteqrasiya: sülhün real dayağı
Siyasi bəyanatlardan daha güclü olan amil iqtisadi maraqlardır. Bu baxımdan Azərbaycanın Ermənistan ərazisinə yanacaq tədarükü, Azərbaycan üzərindən Ermənistana yük tranziti, qarşılıqlı ticarət müzakirələri, sülh prosesinin praktik müstəviyə keçdiyini göstərir. Bu addımlar təkcə iqtisadi fayda deyil, həm də qarşılıqlı asılılıq mexanizmi yaradır ki, bu da münaqişəyə qayıdış riskini minimuma endirir”.

 Siyasi iradə: əsas hərəkətverici faktor
Deputat qeyd edib ki, prosesin arxasında duran əsas güc siyasi iradədir: “Cənab prezident İlham Əliyev və Nikol Paşinyan tərəfindən nümayiş etdirilən yanaşma bu dinamikanı təmin edir. Paşinyanın səfərləri “tarixi” və “institusionallaşma mərhələsi” kimi dəyərləndirməsi onu göstərir ki, İrəvan da artıq bu prosesi strateji seçim kimi qəbul edir.
Səfərlərin müəyyən qədər məxfi saxlanılması ilə bağlı müzakirələr də diqqət çəkir. Lakin bu, daha çox təhlükəsizlik səbəbləri, prosesin həssaslığı, ictimai manipulyasiyaların qarşısını almaq  kimi amillərlə bağlıdır. Bu isə göstərir ki, tərəflər sülh prosesini emosional deyil, idarə olunan və mərhələli şəkildə aparmağa çalışır.

Mustafayevin İrəvan səfəri və paralel proseslər göstərir ki, sülh prosesi institusional çərçivəyə keçir, iqtisadi əməkdaşlıq genişlənir, cəmiyyətlərarası dialoq güclənir, siyasi iradə davam edir.  Bütün bunlar isə  Cənubi Qafqazda yeni reallıq yaradır. Sülh artıq seçim yox, strateji zərurətə çevrilir. Bu dinamika qorunarsa, region uzun illər davam edən qarşıdurmadan çıxaraq inteqrasiya və təhlükəsizlik məkanına çevrilə bilər”.

 Mürtəza

Избранный
44
1
olke.az

2Источники