RU

Vətəndaşın həm əsəbi, həm pulu gedir: Ekspertlərdən "Forma 83"-lə bağlı açıqlama

Sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar üçün tibbi arayışın verilməsi ilə bağlı çətinliklə üzləşirlər. Vətəndaşlar deyirlər ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi müayinələr həm vaxt aparır, həm əlavə xərc yaradır, həm də əsəbləri tarıma çəkir.

Narazılığın əsas səbəblərindən biri isə tibbi arayışın etibarlılıq müddətinin kəskin şəkildə azaldılmasıdır. Belə ki, iki il əvvəl sürücülük vəsiqəsi imtahanına buraxılış üçün alınan sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın etibarlılıq müddəti 3 ildən 1 aya qədər azaldılıb. Arayış indi cəmi 30 gün etibarlı sayılır.

Bu dəyişiklik xüsusilə ilk cəhddə imtahandan keçə bilməyən namizədlər üçün ciddi problemə çevrilib. Belə ki, müddət bitdikdə onlar bütün tibbi prosedurları yenidən keçməli, təkrar rüsum ödəməli olurlar. Rüsumun qiyməti isə 50 manatdır, narkoloji dispanserdən keçmək üçün əlavə 5 manat rüsum ödəyirsən.
Nəticədə poliklinikalarda sıxlıq artır, vətəndaşlar isə həm vaxt, həm də maddi baxımdan əlavə yük altında qalırlar. Həkimlər də etiraf edirlər ki, 30 günlük müddət real şəraitdə ciddi çətinliklər yaradır və bu qaydaya yenidən baxılmasına ehtiyac var. Qeyd edək ki, sürücülüyə yararlı olmaq barədə tibbi arayış Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

Mövzu ilə bağlı həm ekspertlər, həm də vətəndaşlar mövcud sistemin sadələşdirilməsini və tibbi arayışın (Forma 83) etibarlılıq müddətinin 6 aya qədər uzadılmasını vacib hesab edirlər.

Mütəxəssislər də bildirirlər ki, hər ay bu tibbi arayışın alınması məntiqli deyil. Çünki normalda insanlar 6 aydan bir tibbi müayinədən keçirlər. İmtahandan kəsilən şəxslərin növbəti imtahanlarda iştirak etmək üçün yenidən bu arayışı almağı maddi baxımdan onlara ziyandır.
Adil

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a bunları deyib:

“Sürücülük vəsiqəsi hansısa səbəbdən vətəndaşın əlindən alınıbsa, cərimələrə və ya yol hərəkəti qaydalarının ciddi pozulmasına görə sürücülük hüququndan məhrum olunubsa, o zaman yenidən imtahan verərək sürücülük vəsiqəsi almaq tamam başqa məsələdir. Sürücülük vəsiqəsinin müddətinin başa çatması və onun yeni dövr üçün uzadılması isə tamamilə başqa prosedurdur. Bunlara yanaşma da fərqli olmalıdır. Sadəcə olaraq, müddət bitəndə sürücülük vəsiqəsinin uzadılması insanın sağlamlıq göstəricilərindən asılı olmalıdır. Yəni həmin şəxsin yenidən adekvat sürücü olub-olmaması müəyyən edilməlidir.

Məsələn, adam sürücülük vəsiqəsini 50 yaşında alıb, indi isə 70 yaşı var. Gözləri zəifləyib, şəkərli diabeti var, ayağında problem yaranıb və s. Bu halda tibbi baxış vacibdir. Amma yenidən imtahan verilməsi yalnız yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və ya digər ciddi səbəblərlə bağlı olmalıdır.

O ki qaldı tibbi arayışın müddətinin 3 ildən 30 günə endirilməsinə, düşünürəm ki, ölkədə dövlətlə vətəndaş arasında olan bütün fəaliyyət növləri vətəndaş məmnunluğuna xidmət etməlidir. Bu, əsas prinsip olmalıdır. Əgər vətəndaş hər hansı prosedur zamanı əziyyət çəkirsə, maddi zərərə uğrayırsa, həyat keyfiyyəti aşağı düşürsə, həmin prosedura yenidən baxılmalıdır. Bu məsələnin aktuallığını mən də qəbul edirəm. Dünyanın heç bir yerində olmayan bir proseduru tətbiq edib, sonra onu aradan qaldırmaq çox çətin olur. Bu, doğru deyil. Bu məsələ mütləq qaydaya salınmalıdır”.

Eldəniz


Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da deyib ki, insanlar bu qədər problem yaşayırsa, bununla bağlı təklif hazırlayıb, müddətin uzadılmasına nail olmaq lazımdır:

Dünya təcrübəsinə nəzər salsaq, əksər ölkələrdə sürücülük vəsiqəsi üçün təqdim olunan tibbi arayışın etibarlılıq müddəti 30 gün deyil. Bir çox Avropa ölkəsində bu müddət adətən 6 aydan 1 ilə qədər dəyişir. Bəzi ölkələrdə isə ilk müraciət zamanı alınan tibbi arayış imtahan prosesi başa çatanadək qüvvədə qalır. Yəni namizəd hər imtahandan kəsildikdə yenidən tibbi müayinədən keçməyə məcbur edilmir.

Məhz buna görə ekspertlər hesab edirlər ki, Azərbaycanda tətbiq olunan 30 günlük müddət həm beynəlxalq təcrübəyə uyğun deyil, həm də vətəndaşlar üçün əlavə bürokratik maneələr yaradır. Bu qaydanın ən azı bir neçə aya qədər uzadılması daha məqsədəuyğundur.

Afaq Mirayiq,
Musavat.com

Избранный
53
musavat.com

1Источники