RU

Rəqəmsal mühitdə uşaqları qorumağın açarı qadağa deyil, düzgün nəzarət və maarifləndirmədir - Ekspert rəyi

Bakı, 30 aprel, AZƏRTAC

Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məsələsi son dövrlərdə daha da aktuallaşıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Toğrul Vəlibəyli danışıb.

O bildirib ki, sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi fonunda uşaqların bu platformalara marağı təbiidir. “Valideynlər sosial mediada aktiv olduqları üçün uşaqlar da bu mühitə maraq göstərirlər. Nəzərə almalıyıq ki, sosial şəbəkələrdə müxtəlif tip insanlarla qarşılaşmaq mümkündür və bu səbəbdən davamlı nəzarət mexanizmi formalaşdırmaq vacibdir. Real həyatda uşağın çevrəsinə necə nəzarət ediriksə, virtual mühitdə də eyni yanaşmanı tətbiq etməliyik”, – deyə ekspert vurğulayıb.

T.Vəlibəylinin sözlərinə görə, hazırda platformalarda yaş məhdudiyyəti əsasən 11-13 yaşdan başlasa da, bu həddin artırılması və ya müəyyən məhdudiyyətlərin tətbiqi zəruridir: “Hesab edirəm ki, bu yaş həddi 16 yaşa qədər qaldırıla bilər və ya 13 yaşdan yuxarı istifadəçilər üçün əlavə nəzarət mexanizmləri tətbiq olunmalıdır. Bununla yanaşı, maarifləndirmə işlərinin genişləndirilməsi xüsusilə önəmlidir. Məktəblərdə uşaqlarla və valideynlərlə birbaşa iş aparılmalı, zərərli kontentlə bağlı məlumatlandırma gücləndirilməlidir”.

Ekspert bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin fevralında imzalanan Sərəncam bu istiqamətdə mühüm addımdır. Sərəncamdan irəli gələn məsələlərin hüquqi bazası formalaşdırılmalı, məhdudiyyət, maarifləndirmə və nəzarət mexanizmləri sistemli şəkildə tətbiq edilməlidir. Bu prosesdə ən böyük yük təhsil müəssisələrinin üzərinə düşür. Çünki maarifləndirmə çox vaxt məhdudiyyətlərdən daha effektiv nəticə verir. Valideynlər nəzarət və uşağın şəxsi sərhədləri arasında balansı qorumalıdırlar. Valideyn uşağın şəxsi maraqlarına müdaxilə etmədən nəzarəti daim əlində saxlamalıdır. İnformasiya axınının həddindən artıq olduğu bir dövrdə bu məlumatların filtrdən keçirilməsi vacibdir. Xüsusilə yeniyetmələrin mənfi təsirlərə daha həssas olduğunu nəzərə alsaq, sərt müdaxilə olmadan davamlı nəzarət vacibdir.

“Bu sahədə ən səmərəli yanaşma yenə də maarifləndirmədir. Müəllimlərin rolu burada xüsusilə böyükdür. Onların kibertəhlükəsizlik sahəsində bilikləri artırılmalı, uşaqlar maarifləndirmə prosesinə aktiv cəlb olunmalıdır. Eyni zamanda, ehtiyac yarandıqda müəllimlərin mütəxəssis dəstəyindən yararlanması üçün müvafiq qurumlar tərəfindən mexanizmlər yaradılmalıdır. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün texnoloji həllər də mühüm rol oynayır. Valideyn nəzarəti üçün müxtəlif tətbiqlər mövcuddur ki, bu vasitələrlə uşağın istifadə etdiyi kontent filtr oluna və nəzarət mexanizmləri qurula bilər. Qlobal miqyasda kifayət qədər valideyn nəzarət tətbiqləri mövcuddur və valideynlərə onlardan istifadə etməyi tövsiyə edirəm. Yerli bazarda isə bu sahədə boşluq mövcuddur. Düşünürəm ki, startaplar tərəfindən lokallaşdırılmış alternativ həllərin yaradılması olduqca perspektivlidir”, – deyən Toğrul Vəlibəyli fikirlərini yekunlaşdırıb.

Müxbir- Səbinə Əlizadə

Избранный
50
1
azertag.az

2Источники