“Tisa” partiyasının lideri: Razılaşma mayın sonuna qədər imzalana bilər...
Macarıstan və Avropa Komissiyası 25 maydan sonra ölkəyə Avropa İttifaqı büdcəsi və xüsusi fondlardan dondurulmuş vəsaitlərin ayrılmasına imkan verəcək razılaşmanın imzalanmasına hazırlaşır.
Poliqon xəbər verir ki, bu barədə Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisa” partiyasının rəhbəri Peter Madyar məlumat verib.
Onun sözlərinə görə, Brüsseldə keçirilən danışıqlar zamanı tərəflər siyasi razılaşmanın tezliklə yekunlaşdırılması barədə ilkin anlaşmaya gəliblər. Madyar bildirib ki, o, mayın 25-dən başlayan həftədə Macarıstanın baş naziri kimi Brüsselə qayıtmağı və ölkənin Avropa İttifaqı fondlarına çıxışını bərpa edəcək siyasi sazişi mümkün qədər tez imzalamağı planlaşdırır.
Siyasətçi qeyd edib ki, bu razılaşma nəticəsində Macarıstan vətəndaşları ölkəyə məxsus olan və hazırda bloklanmış Avropa İttifaqı vəsaitlərinə çıxış əldə edəcəklər. Onun sözlərinə görə, söhbət “trilyonlarla forint” həcmində maliyyə resurslarından gedir və bu vəsaitlərin yaxın vaxtlarda Macarıstana yönəldiləcəyi gözlənilir.
Madyar əlavə edib ki, əldə olunacaq razılaşma ölkənin iqtisadi sabitliyi və Aİ ilə münasibətlərinin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Poliqon.info