RU

Müğənnilərə kommunal xərclərdə güzəşt ediləcək? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda sənət adamlarının kommunal xərclərdən tamamilə azad olunması təklif edilib. Cəmiyyətdə isə bu məsələyə münasibət birmənalı deyil. Çünki elə sənətçilər var ki, bir toy və ya səhnə proqramından minlərlə manat gəlir əldə edir. Digər tərəfdən isə müəllimlər, həkimlər, minimum əməkhaqqı ilə çalışan insanlar aylarla, hətta illərlə işləyərək həmin məbləği qazana bilmirlər. Bu baxımdan bir çoxları düşünür ki, güzəşt ediləcəksə, ilk növbədə sosial vəziyyəti ağır olan insanlara şamil olunmalıdır.Məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, dünya təcrübəsində sənət adamlarına xüsusi imtiyazlar təqdim olunmur:“Çünki əksər hallarda onların gəlirləri kifayət qədər olur. Belə imtiyazlar daha çox Sovet dövrünə xas yanaşma idi. Həmin dövrdə yazıçılara, şairlərə və digər sənət nümayəndələrinə müəyyən güzəştlər tətbiq edilirdi. Lakin bu, Sovet dövlətinin spesifik siyasəti idi. Müasir dövrdə isə yanaşma fərqlidir. Bir çox ölkələrdə imtiyazlar peşəyə görə deyil, insanların sosial vəziyyətinə əsasən verilir. Yəni artıq fərq qoyulmur ki, şəxs sənət adamıdır, həkimdir, yoxsa müəllimdir. Əsas meyar onun maddi vəziyyətidir. Əgər bir ailənin sosial durumu ağırdırsa, həmin ailəyə sosial yardım çərçivəsində kommunal xərclərlə bağlı güzəştlər təqdim oluna bilər. Bu, ya xərclərin qismən azaldılması, ya da müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması formasında olur”.O qeyd edib ki, Azərbaycanda da hər hansı imtiyaz tətbiq olunacaqsa, bu, birmənalı şəkildə sosial vəziyyəti zəif olan, az təminatlı ailələrə yönəlməlidir:“Peşəyə görə fərqləndirmə düzgün yanaşma hesab olunmur. Yəni əsas prinsip belə olmalıdır ki, imtiyazın verilməsində meyar insanın və ya ailənin maddi durumu olmalıdır. Maddi vəziyyəti ağır olan şəxslərə istər sənət adamı, istər müəllim, istər həkim olsun dəstək göstərilə bilər. Həmçinin çoxuşaqlı və aztəminatlı ailələr də bu kateqoriyaya aid edilə bilər. Lakin yalnız peşəsinə görə məsələn, bu şəxs sənətkardır, yazıçıdır və ya şairdir deyə imtiyaz verilməsi düzgün yanaşma deyil”. Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti, aktrisa Afaq Bəşirqızı tərəfindən sənətkarlar üçün ayrıca qəbiristanlığın yaradılması ilə bağlı irəli sürülən təklif mədəniyyət və incəsənət ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müzakirələrdə iştirak edənlərin böyük əksəriyyəti qeyd edir ki, dünyanın bir çox ölkəsində mədəniyyət, incəsənət və elm xadimləri üçün xüsusi qəbiristanlıqlar mövcuddur və bu, həmin şəxslərin cəmiyyət qarşısındakı xidmətlərinin qiymətləndirilməsi baxımından mühüm simvolik əhəmiyyət daşıyır. Bu baxımdan, belə bir təcrübənin Azərbaycanda da tətbiq olunması müsbət addım kimi dəyərləndirilir və milli mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hesab olunur. Bundan sonra  Xalq artisti Şeyx Əbdül Mahmudov təklif edib ki, sənət adamları kommunal xərclərdən tamamilə azad edilsin.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
68
demokrat.az

1Источники