ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı Ukrayna və İrandakı münaqişələrin eyni vaxtda başa çata biləcəyini istisna etməyib.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri hansı müharibənin daha tez bitəcəyini dəqiq bilmədiyini, lakin hər iki prosesin eyni müddətdə yekunlaşa biləcəyini qeyd edib:
“Hansı hərbi münaqişə birinci bitəcək? Bilmirəm, bəlkə də ikisi də eyni müddət ərzində başa çatacaq”.
Tramp bildirib ki, onun üçün Rusiyanın İran məsələsindən daha çox Ukraynadakı münaqişənin həlli ilə məşğul olması prioriteti təşkil edir.
O, Vladimir Putinin ona uranın zənginləşdirilməsi məsələsində kömək təklif etdiyini, lakin buna fərqli cavab verdiyini vurğulayıb:
“Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin dayandırılmasına cəlb olunmasına üstünlük verərdim. Mənim üçün bu daha vacibdir”.
ABŞ lideri əlavə edib ki, Rusiya dövlət başçısı Ukrayna münaqişəsinin nizamlanması üçün həll yolu tapmaq istəyir. Tramp həmçinin Putinə atəşkəs rejimi tətbiq etməyi təklif etdiyini və Rusiya prezidentinin belə bir addım ata biləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp Ukraynanın Rusiya ilə münaqişədə məğlub olduğunu bəyan etmişdi./Qafqazinfo/