RU

Nikahların sayı böyük sürətlə azalır: Avropa ölkələrindən də geri qalmağa başlamışıq

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ölkədə nikahların sayının azalması, əvəzində boşanmaların sayının artması ilə bağlı həyəcan təbili çoxdan çalınır. Amma göstəricilər daha arzuolunmaz nöqtəyə doğru irəliləyir. Nikahların sayı daha böyük sürətlə azalmağa başlayıb. 2025-ci ildə ölkədə 48456 belə izdivac qeydə alınıb. Daha əvvəlki illə müqayisədə təxminən 1000 nikah azalma müşahidə edilib.

Bizimyol.info xəbər verir ki, ümumi statistika heç ürəkaçan deyil. Demək olar, hər il azalma olub. Məsələn, 2011-ci ildə indikindən iki dəfə çox nikah qeydə alınırmış. Təkcə son üç ildə 13,5 min azalmanın olduğunu görürük. İndiki statistikaya görə, əhalinin hər 1000 min nəfərinə 4,7 nikah düşür.

Adətən, Avropa ölkələrini pis nümunə kimi göstərirlər. Orada nikahların sayının azlığı, buna görə əhali artımının olmaması xüsusi qeyd edilir. Bəs Avropada necədir vəziyyət?

“Köhnə qitə”dəki dövlətlərin təxminən üçdəbirində göstərici ya bizimlə müqayisədə yüksəkdir, ya da aşağı-yuxarı eyni situasiya yaranıb. Almaniyaya, İsveçə, Niderlanda, İrlandiyaya, demək olar, çatmışıq. Latviyada əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 5,5-dir. Rumıniyada 5,3, Macarıstanda 5,2, Avstriyada 5,0 göstəricisi qeydə alınıb.

Avropada ən çox İtaliya (2,9), Sloveniya (3,0), Bolqarıstan (3,3) və İspaniyadakı (3,6) durum narahatlıq doğurur. Belə görünür ki, biz tezliklə Avropanın ən aşağı göstəricisinə görə fərqlənən ölkələri ilə eyni sırada dayanacağıq. Unutmayaq ki, bu qitədə orta göstərici 3,9-dan bir qədər yüksəkdir. Yəni “hədəf”ə çox qalmamışıq.

Rəqəmləri qoyduq bir kənara, bəs məsələnin mənəvi tərəfi nədir? Heç şübhəsiz, belə azalmanın əsas səbəbi sosial amillərdir. Ölkədə sosial-iqtisadi durum bir az da pisləşir. Qiymətlər sürətlə artır, məvaciblər isə nəinki artmır, hətta iş yerlərinin xeyli azaldığını demək olar. Gənclər özünü ifadə edə bilmir. Xaricə güclü axın var. Bu şəraitdə nikah sayının sürətlə azalmasına təəccüblənmək lazım deyil.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
icma.az

1Источники