RU

Tətil dəyişikliyi hansı məktəblərə şamil olunacaq?- Valideynlərin sualına RƏSMİ CAVAB

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçiriləcəyi dövrdə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalayıb.

Müsavat.com xəbər verir ki, əmrə əsasən, forumun keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris prosesində dəyişikliklər ediləcək.

Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində 1-5 may tarixlərinə nəzərdə tutulan tətil mayın 18-dən 22-dək keçiriləcək.

Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant formada təşkil olunacaq.

Həmçinin, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də həmin tarixlərdə tədris məsafədən həyata keçiriləcək.

Mövzu ilə bağlı Müsavat.com-a Bakının ətraf qəsəbələrindən, eləcə də Abşeron rayonu və digər yaxın ərazilərdən çoxsaylı müraciətlər daxil olub. Valideynlər tətil günlərinin dəyişdirilməsi və distant təhsil qərarının həmin ərazilərdə yerləşən məktəblərə də şamil edilib-edilməyəcəyi ilə maraqlanırlar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Müsavat.com-a verilən məluamata görə, qəbul olunan qərar yalnız Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinə aiddir. Abşeron rayonu, Xırdalan şəhəri və paytaxtətrafı digər yaşayış məntəqələrində yerləşən məktəblərdə tədris prosesi adi qaydada davam etdiriləcək.

Afaq Mirayiq,
Musavat.com

Избранный
70
1
musavat.com

2Источники