Bakı, 29 aprel, AZƏRTAC
Romada VII əsrdə Nortumbriyadan olan çoban tərəfindən yazılmış şeirin itmiş nüsxəsi aşkar edilib. Bu, ingilis dilində günümüzədək qorunub saxlanılan ən qədim şeir hesab olunur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Dublin Trinity” kollecinin alimləri “Kedmon himni”ni özündə ehtiva edən əlyazmanı Roma Milli Mərkəzi Kitabxanasında aşkar ediblər.
İngiltərə tarixinin atası kimi tanınan orta əsr ilahiyyatçısı Beda bu doqquz misralıq şeiri VIII əsrdə qeydə alıb. Hesab olunur ki, Romada aşkarlanan qədim ingilis dilindəki versiya eramızın 800-830-cu illəri arasında Şimali İtaliyada bir rahib tərəfindən köçürülüb.
Bu nüsxə Kembric və Sankt-Peterburqda saxlanılan daha qədim analoqlarından sonra şeirin günümüzə çatan üçüncü ən qədim mətni sayılır. Digər versiyalarda şeir latın dilində təqdim olunur, qədim ingilis dilindəki mətn isə kənar qeydlərdə və ya sonda əlavə edilib.
Əlyazmanı “Dublin Trinity” kollecinin ingilis dili fakültəsinin əməkdaşları Elizabetta Manyanti və Mark Folkner aşkar ediblər. “Roma nüsxəsinin əhəmiyyəti ondadır ki, qədim ingilis dilindəki versiya əsas mətndə yerləşdirilib. Bu isə IX əsrdə həmin dilin artan nüfuzunu əks etdirir. Düşünürəm ki, oxucular şeirin mətndə olmamasını hiss edərdilər və məhz buna görə o, mətnə daxil edilib”, – deyə Mark Folkner bildirib.
Şeir sözlərə bölünüb və hər sözdən sonra nöqtə qoyulub. Bu da söz bölgüsünün həmin dövr üçün nisbətən yenilik olduğunu göstərir. Beda latın dilinə tərcüməni özünün məşhur “İngilislərin kilsə tarixi” əsərinə daxil etsə də, qədim ingilis dilindəki orijinal versiyanı buraxıb. Lakin Folknerin sözlərinə görə, artıq bir əsr sonra Şimali İtaliyadakı Nonantola abbatlığının rahibi məhz bu qədim ingilis dilindəki versiyanı öz mətninə daxil edib.
Bedanin “Tarix” əsərinin azı 160 nüsxəsi günümüzədək qorunub saxlanılıb. Romada saxlanılan nüsxələrdən biri barədə ziddiyyətli məlumatlar Manyantini Romanın Milli Mərkəzi Kitabxanasına müraciət etməyə sövq edib və o, arxivlərin yoxlanılması barədə müraciət göndərib. Kitabxananın əməkdaşları həmin şeiri ehtiva edən səhifələri tapıb, rəqəmsallaşdırıb və elektron poçt vasitəsilə göndəriblər.