Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İllərdi bəzi valideynlərin övladlarını faktiki olaraq məktəbə göndərməyib, formal olaraq kənd məktəblərinə qeydiyyata salması halları müşahidə olunur. Adətən bu repetitor hazırlığına üstünlük verilməsi ilə izah olunur. Bu vəziyyətin yaranmasına görə onları qınayanlar da, tərəf duranlar da olur.Bəs kimi halların yaranmasına səbəb nədir? Valideynləri belə addım atmağa vadar edən əsas amillər nələrdir?
Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti, publisist Şəmsi Qoca bildirib ki, qəbul imtahanına düşməyən digər fənlər "vaxt itkisi" kimi qəbul edilir: “Valideynləri övladlarını kənd məktəblərinə formal qeydiyyata salmağa və ya məktəbdən uzaqlaşdırıb yalnız repetitor yanına göndərməyə sövq edən amillər çoxşaxəlidir və birbaşa təhsilin bugünkü praktiki tələblərindən qaynaqlanır. Bu prosesin mərkəzində duran ən böyük səbəb imtahan mərkəzli təhsil yanaşmasıdır; valideyn üçün təhsilin keyfiyyəti artıq şagirdin dünyagörüşü və ya mənəvi inkişafı ilə deyil, yalnız ali məktəbə qəbul zamanı topladığı balla ölçülür. Bu "bal yarışı" mühitində məktəb proqramındakı musiqi, rəsm, fiziki tərbiyə və ya qəbul imtahanına düşməyən digər fənlər "vaxt itkisi" kimi qəbul edilir. Repetitor hazırlığı isə daha fərdi, hədəfəyönümlü və intensiv bir model təklif etdiyi üçün bir növ "alternativ məktəb" statusu qazanır”.
Şəmsi Qoca həmçinin vurğulayıb: "Bu addım, görünən qısamüddətli faydaların arxasında ciddi təhlükələr gizlədir: “Digər tərəfdən, zamanın düzgün idarə olunmaması problemi valideynləri belə radikal addımlar atmağa məcbur edir. Xüsusilə sonuncu sinif şagirdləri günün böyük hissəsini məktəbdə keçirdikdən sonra axşam saatlarına qədər bir neçə repetitor yanına getməli olurlar ki, bu da gəncin həm fiziki, həm də psixoloji cəhətdən tükənməsinə gətirib çıxarır. Valideyn bu ağır yükü azaltmaq və övladına test həll etmək üçün əlavə vaxt qazandırmaq məqsədilə onu məktəbdən uzaqlaşdırır. Kənd məktəblərində davamiyyətə nəzarətin şəhərə nisbətən daha zəif olması və ya sıxlığın azlığı bu qeyri-rəsmi proses üçün əlverişli zəmin yaradır. Şəhər məktəblərindəki yüksək rəqabətdən və aşağı qiymət almaq riskindən qaçmaq istəyi də valideynləri daha "rahat" qiymətləndirmə mühiti olan yerlərə yönəldir.
Lakin bu addım, görünən qısamüddətli faydaların arxasında ciddi təhlükələr gizlədir. Şagird kollektivdən uzaqlaşmaqla sosial adaptasiya bacarıqlarını itirir, həmçinin erkən yaşlarından qanun və qaydalardan yan keçərək nəticə əldə etməyin mümkünlüyü barədə yanlış bir həyat fəlsəfəsi mənimsəyir. Nəticədə, yalnız müəyyən fənlər üzrə bilikləri olan, lakin geniş dünyagörüşündən və ictimai məsuliyyət hissindən məhrum bir nəsil yetişmə riskini yaradır”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.