RU

Merz: Almaniyada “ümumi gərginlik və dərin qeyri müəyyənlik” hökm sürür

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya kansleri Fridrix Merz bildirib ki, ölkədə “ümumi gərginlik” və əhali arasında ciddi qeyri-müəyyənlik müşahidə olunur və bu hal siyasi vəziyyətə, eləcə də hakim koalisiyanın durumuna təsir göstərir.

Bizimyol.info xəbər verir ki, bu barədə Merz “Der Spiegel” jurnalına müsahibəsində deyib:

“Biz ölkədə ümumi gərginliyi və əhali arasında dərin qeyri-müəyyənliyi hiss edirik. Bu, təbii ki, partiyalarımıza da təsir edir — XDS/XSS blokuna (Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının mühafizəkar bloku) və SPD-yə (Almaniya Sosial-Demokrat Partiyası). Biz həm soldan, həm də sağdan hücumlara məruz qalırıq. Görünür, biz bunu yetərincə qiymətləndirməmişik və mən də istisna deyiləm. Bunun isə nəticələri var”, - deyə o qeyd edib.

Kansler bildirib ki, o və partiyası “gözləntilərin idarə olunmasının öhdəsindən gələ bilməyiblər”. Onun sözlərinə görə, sürətli nəticələri bir gecədə gözləmək olmaz, lakin cəmiyyət məhz bunu arzulayır: “Nəticələr yalnız zamanla görünəcək. Biz elə bir dövrdə yaşayırıq ki, hər kəs dərhal nəticə əldə etmək istəyir. Amma demokratik şəraitdə siyasət çatdırılma xidməti deyil — internetdən nəsə sifariş edib dərhal əldə etdiyin bir sistem deyil”, - deyə kansler bildirib.

Bununla yanaşı, Merz ümid etdiyini bildirib ki, hökuməti əsaslı islahatlar vasitəsilə “ölkəni düzgün yola qaytara” biləcək və bunu konsensus əsasında həyata keçirəcək. O, eyni zamanda hakim koalisiya daxilində fikir ayrılıqlarının mövcudluğunu da etiraf edib. Xüsusilə, vitse-kansler və maliyyə naziri Lars Klinqbail (SPD) ilə iqtisadiyyat və energetika naziri Katerina Rayxe (XDS) arasında fərqli yanaşmaların olduğunu qeyd edib. “Lakin onlar belə ortaq dil tapa bilirlər”, — deyə Merz vurğulayıb.

Kansler Almaniyada mövcud olan ümumi ab-havadan da narazı qaldığını bildirib: “Biz 80 ildən çoxdur sülh içində yaşayırıq, artıq 36 ildir ki, Şərqi və Qərbi Almaniya yenidən birləşib. Amma hazırda biz dərin dönüş mərhələsindəyik. Mərkəzi Avropada açıq müharibə olmasa da, baş verənlərin nəticələri, yəqin ki, heç də az miqyaslı olmayacaq. Buna uyğunlaşmalıyıq, lakin hələlik bu alınmır, çünki bir çoxları mövcud vəziyyəti qorumaq istəyir və hər cür dəyişikliklərə müqavimət göstərir”, - deyə əlavə edib.

Qeyd edək ki, mayın 6-da Fridrix Merzin rəhbərlik etdiyi, XDS/XSS bloku və SPD-dən ibarət Almaniya hökumətinin fəaliyyətə başlamasının bir ili tamam olacaq. Sorğular göstərir ki, hər iki partiyanın mövqeləri xeyli zəifləyib. Bu arada “Almaniya üçün Alternativ” partiyası bəzi reytinqlərdə artıq birinci yerə yüksələrək ən populyar siyasi qüvvəyə çevrilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
82
bizimyol.info

1Источники