RU

OPEC dağılacaq? – Alyansdan bu ölkənin çıxması...

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC-dən və dünya neft bazarlarında qiymətlərin tənzimlənməsi üzrə OPEC+ sazişindən çıxmağa qərar verib.

Musavat.com-un məlumatına görə, BƏƏ hökuməti bu qərarın ölkənin uzunmüddətli strateji və iqtisadi baxışını, həmçinin dəyişən enerji profilini, o cümlədən daxili enerji istehsalına sürətləndirilmiş investisiyaları əks etdidiyini, onun dünya enerji bazarlarında məsuliyyətli, etibarlı və perspektivli rola sadiqliyini təsdiqlədiyini bəyan edib.

BƏƏ-nin qərarı OPEC-in 29 aprel Vyana görüşü ərəfəsində verilib.

j23dxwt2baXIyFu4ebQq9KNiJlB6Mt190HjkhQsb_1200.jpg

Öncə qeyd edək ki, ölkələrin OPEK-dən çıxması ilk hal deyil. Bu baxımdan, BƏƏ-nin təşkilatdan çıxması ilə onun dərhal dağılacağı gözlənilmir. Lakin OPEK-in yaranmasına gətirən amillər və ötən müddətdə onun fəaliyyətinin xüsusilə Yaxın Şərqin neft hasil edən ölkələrinə təsirləri bir sıra nəticələr çıxarmağa imkan verir. Yada salaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 1960-cı ildə dünyanın ən böyük neft hasil edən ölkələri - İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuelanın təşəbbüsü ilə neft hasilatı və ixracını tənzimləmək üçün təsis edilib. Buna səbəb qlobal neft bazarının böyük bir hissəsinə nəzarət edən transmilli şirkətlər (Exxon, Royal Dutch Shell, Texaco, Chevron, Mobil, Gulf Oil və British Petroleum) tərəfindən neft qiymətlərinin kəskin azaldılması idi. Həmin vaxt OPEK-in qurucularının ərazisində neft hasilatı məhz bu şirkətlərin əlində cəmləşmişdi və onlar yerli hökumətlərə az vergi ödəmək üçün məqsədyönlü şəkildə qiymətləri salırdılar.

Bunun qarşısını almaq üçün hasilatçı ölkələr birləşərək neft hasilatını kvotalaşdırmağa başladılar. 1962-ci ildə OPEC BMT-də hökumətlərarası təşkilat kimi qeydiyyata alınıb. Təşkilatın qərargahı Vyanada yerləşir.

OPEC hazırda 12 ölkədən ibarətdir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, İran, İraq, Küveyt, Əlcəzair, Konqo Respublikası, Ekvatorial Qvineya, Qabon, Liviya və Nigeriya. Əvvəllər OPEC-ə Qətər, İndoneziya, Ekvador və Anqola da daxil idi. Sonuncu dəfə Anqola 2024-cü ildə təşkilatdan çıxıb.

OPEC üzv ölkələri (hələlik BƏƏ də daxil olmaqla) bütün təsdiqlənmiş neft ehtiyatlarının təxminən 79 faizinə sahibdir, qlobal neft istehsalının təxminən 40 faizini təmin edir.

Son dövrlər OPEK daxilində Səudiyyə Ərəbistanının əsas söz sahibi olması ilə bağlı narazılıqlar artırdı. Bu narazılıq 2020-ci ildə OPEK+ alyansı formalaşdırıldıqdan sonra daha da böyüdü. Belə ki, digər üzvlər hasilatın kəskin azaldılmasına qarşı çıxırdılar. BƏƏ-nin təşkilatdaxili, həmçinin siyasi səbəblərdən Səudiyyə Ərəbistanı ilə ziddiyyətləri var. Xüsusilə Yəməndəki siyasi proseslərdən məğlub çıxarılan Əbu-Dabi Səudiyyənin diqtəedici fəaliyyətinə getdikcə daha çox dözümsüzlük nümayiş etdirirdi. 2021-ci ildə BƏƏ OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair razılaşmanı yalnız öz kvotasına 300 min barel əlavə etdirildikdən sonra imzaladı. Ötən müddət ərzində dəfələrlə hasilatın azaldılması səviyyəsinə etiraz bildirən Əbu-Dabi Rusiya və Səudiyyə Ərəbistanının birgə fəaliyyətindən narazılığını axır ki, real addımla büruzə verdi.

BƏƏ-nin bu addımı ona görə daha təsirlidir ki, digər ölkələrin də eyni yolla getməsinə təkan verə bilər. Məlumdur ki, ABŞ prezidenti Donald Tramp OPEK-in neft bazarına təsirindən ciddi şəkildə narazıdır. O, həm birinci, həm də ikinci prezidentlik müddətində OPEK-i kartel sövdələşməsində ittiham edib. Təsadüfi deyil ki, onun ikinci prezidentlik müddəti başlayan kimi - ötən ilin aprelindən etibarən Səudiyyə Ərəbistanının təkidi ilə OPEK+ razılaşması əsasında azaldılan hasilat həcmləri sürətlə bərpa olunmağa başladı. Nəticədə bazarda qiymətlər 80-85 dollardan 60-65 dollara qədər azaldı.

HORM.jpg

İran münaqişəsinə görə Hörmüzdən keçidin çətinləşdiyi, bütün dünyada, o cümlədən ABŞ-da yanacaq qiymətlərinin kəskin artdığı bir dövrdə neft hasilatının artırılmasına imkan verəcək addımlar hazırkı ABŞ administrasiyası üçün çox vacibdir: qarşıdan noyabrdakı Konqres ara seçkiləri gəlir və Respublikaçıların əsas təbliğat mövzusu olan benzinin ucuzlaşması kartı əldən çıxır. Bu baxımdan, artıq Kanadanın "The Globe and Mail" qəzeti Venesuelanın da ABŞ prezidentinin təzyiqi altında OPEC-dən çıxacağına dair məlumat yayıb. Nəşr hesab edir ki, BƏƏ-nin OPEC-dən çıxması ABŞ prezidentinə bir hədiyyədir. Qəzet qeyd edir ki, ABŞ-da İranla münaqişənin başlanğıcından bəri bir qallon benzinin qiyməti 1 dollar, dizel yanacağının isə 2 dollar artıb. Bu vəziyyətdə ABŞ-ın tam təsir dairəsində olan, dünyanın ən böyük neft ehtiyatlarına sahib Venesuelanın da OPEK-dən çıxması gözləniləndir. Yeri gəlmişkən, Venesuela artıq neft hasilatını ABŞ blokadasından əvvəlki həddə - gündəlik 1,1 milyon barelə çatdırıb. Bu səviyyənin ilin sonunadək 1,3 milyon barelə çatdırılması gözlənilir. Ortamüddətli dövrdə(2028-2030) isə Venesuelada neft hasilatının 4-4,5 milyon barelə qədər artırılması planlaşdırılır.

BƏƏ-nin neft hasilatına məhdudiyyət qoymamasının bazara təsirləri bu il olmasa da, gələn ildən kifayət qədər böyük ola bilər. Belə ki, 2026-cı ilin fevral ayında BƏƏ gündə 3,64 milyon barel neft hasil edib ki, bu da OPEC-in hasilatının (gündə 29,82 milyon barel) 12faizindən bir qədər çox və ya dünya üzrə ümumi hasilatın təxminən 3,5faizi deməkdir. 2021-ci ildə - OPEK+ öhdəliyi götürülən ərəfədə hasilata böyük yatırımlar qoyulmuşdu, məqsəd 5 milyon barellik həddə çatmaq idi. Lakin OPEK+ razılaşması bu planların reallaşmasına imkan vermədi, Əbu-Dabi hazır infrastruktur olsa da, hasilatı artırmaq əvəzinə 0,5 milyon barel azaltmalı oldu.

OPEk və OPEK+ öhdəlikləri olmadığı halda BƏƏ qısa müddətə hasilatı 5 milyon barelə çatdıra biləcək. Bu isə münaqişə təsirləri olmadığı dövrdə bazar üçün kifayət qədər böyük həcm, qiymətlərə eniş istiqamətində böyük təzyiq deməkdir.

015517d4-0a3c-397e-978b-b2a3a91f2abe_1200.jpg

BƏƏ-nin OPEK-dən çıxması Səudiyyə Ərəbistanı üçün təşkilatın idarəçiliyində ciddi problemlər yaradacaq. Çünki orada İran da təmsil olunur. ABŞ hərbi bazalarını öz ərazisində yerləşdirən Körfəz ölkələrinin enerji infrastrukturuna rahatlıqla zərbələr endirən Tehran bu münaqişədən salamat çıxarsa, yalnız OPEK deyil, digər regional və beynəlxalq təşkilatlarda da öz xəttini yeritməyə çalışacaq. Bu isə OPEK-i idarəolunmaz vəziyyətə sala bilər.

Bundan əlavə, əksər müşahidəçilər BƏƏ-nin son addımının bilavasitə Vaşinqtonun təzyiqi ilə atdığı qənaətindədirlər. Belə ki, qərar elan olunmazdan az əvvəl ABŞ mətbuatı Əbu-Dabinin İran münaqişəsi fonunda ABŞ-dan dollar dəstəyi istədiyinə dair məlumat yaymışdı. Belə iddia edilir ki, Vaşinqton dəstəyin verilməsi şərti kimi OPEK və OPEK+-dən çıxmaq şərti qoya bilərdi.

BƏƏ-nin çıxması OPEK-in dağılmasına səbəb olmasa da, OPEK+ alyansı üçün faktiki olaraq dağıdıcı təsirə malik ola bilər. Analitiklərə görə,  bu addım Rusiya Səudiyyənin diqtəsində olan alyansın siyasətindən narazı qalan İraq və Qazaxıstanın da ondan uzaqlaşmağa həvəsləndirəcək. Xatırladaq ki, hər iki ölkə neft hasilatını artırmaq üçün ciddi investisiya yatırımları ediblər, hər iki ölkədə xarici şirkətlər hökumətlərə hasilatın artırılması üçün təzyiq edirlər. Artıq 2 ildir ki, həm İraq, həm də Qazaxıstan OPEK+ çərçivəsindəki kvotalarından xeyli artıq hasilata yol verir, bu həcmləri kompensasiya etməyə tələsmirlər. Bu baxımdan, BƏƏ-nin addımının onları alyansın öhdəliklərinə əməl etməməyə daha da həvəsləndirəcəyi gözləniləndir.

5148e5cc-4126-4250-af09-eaab2b3613da_1200.jpg

Rusiya maliyyə naziri Anton Siluanov BƏƏ-nin OPEK və OPEK+-dan çıxmasının neft bazarının proqnozlaşdırıla bilənliyini kəskin azaldacağını, buna görə də Rusiya büdcəsinin neft qiymətlərindəki kəskin dəyişikliklərdən təsirlənməməsi üçün ən az Milli Sabitləşdirmə Fondunun 3 illik ehtiyata malik olmasının gərəkdiyini bildirib.

Rusiya kimi, büdcəsi neft gəlirlərindən kəskin asılı olan Azərbaycanın da neft bazarında gözlənilən sərt dəyişikliklərə hazır olması vacibdir. Bu hazırlığın əsasında isə iqtisadiyyatın neft asılılığından azad olması üçün təcili və təsirli addımların atılması dayanmalıdır.

Dünya SAKİT,
Musavat.com

Избранный
34
musavat.com

1Источники