RU

Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, bəzi kurs və repetitorların buraxılış imtahanlarının vaxtı ilə bağlı biznes maraqları var. Onun sözlərinə görə, imtahanın mart ayında keçirilməsinə etiraz edənlər proqramın bitmədiyini desələr də, əsas səbəb hazırlıq kurslarının daha iki ay davam etməsini istəmələridir. DİM sədri qeyd edib ki, 11 il ərzində formalaşmayan bilik və bacarıq iki aya yaranmır.

Qeyd edək ki, Məleykə Abbaszadənin bu fikirləri müəllim və repetitorlar tərəfindən tənqidlərə səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirdi ki, imtahanların vaxtının dəyişdirilməsi və erkən keçirilməsi ilə əlaqədar müzakirələr illərdir var:

"Burada onu qeyd edim ki, Məleykə xanım da dəfələrlə vurğulayırdı ki, mart ayında keçirilən buraxılış imtahanında aprel və may ayında keçiriləcək mövzular salınmır. Yəni deyək ki, 11 illik təhsilin 10 il 6-7 aylıq hissəsindən suallar salınır. Burada ölçmək üçün son günə qədər keçirilən materialın imtahana salınması kimi bir qayda yoxdur, prosesin bəlli bir hissəsindən suallar salına bilər. Burada əsas odur ki, hamı üçün ədalətli bir sistem təqdim edilsin. Bu baxımdan Məleykə xanım haqlıdır, imtahanın əslində daha erkən keçirilməsi abituriyentlər üçün faydalıdır. Çünki mart ayında hava daha mülayim olur. Məsələn, iyun, iyul, avqustda abituriyentlər isti havadan təsirlənə bilir. Ürəkbulanması, başgicəllənməsi kimi hallar da ola bilər. Ona görə mülayim havada, daha yaxşı şəraitdə, daha sərbəst ortamda imtahan keçirilməsi, düşünürəm ki, daha faydalıdır. Düzdür, bizdə indi iyul ayında da imtahanlar var, amma bu ikinci cəhddir. Dolayısı ilə birinci cəhddə artıq müəyyən bal yığıb arxayınlaşan biri ikinci cəhddə daha sərbəst olur. Amma buraxılış imtahanı bir dəfə olur, burada təkrarı yoxdur. Ona görə onun daha rahat ortamda keçirilməsi, eyni zamanda məktəbin infrastrukturunun daha uyğun olması əhəmiyyətlidir. Onu qeyd edim ki, imtahanlar kütləvi imtahanlardır və bir imtahanda 50 minə yaxın abituriyent iştirak edir. Bu da hər imtahanda 600-700 məktəb deməkdir".

Onun sözlərinə görə, yay ayında məktəblərdə bəzən təmir olur, əsaslı və müəyyən cari təmir işləri aparılır, siniflər boyanır:

"Buna görə bu mexanizmi qurmaq da DİM-in imtahan prosesində digər qurumlarla birlikdə çətinləşir. İstər Fövqəladə Hallar Nazirliyi, istər polis, istər tibb xidməti baxımından yay ayında əksəriyyətin məzuniyyət dövrünə düşməsi də tənzimləməni çətinləşdirir. Yayda bir və ya iki dəfə qəbul imtahanının ikinci mərhələsinin keçirilməsi çox problem olmur. Amma hər həftə buraxılış imtahanı keçirmək çətindir. Burada çünki 3 həftə 9-cu siniflər, 2 həftə 11-ci siniflər üçün imtahanlar olur. Yəni yayın 5 həftəsonu buna sərf olunur. Əvvəlki illərin məzunlarını və imtahana girməyənləri də saysaq, bu o deməkdir ki, demək olar bütün yay məktəb amilindən sonra imtahana sərf olunur. O zaman məktəbin təmiri, yeni tədris ilinə hazırlığı, bəzi məktəblərdə hazırlıq qrupları və sair məsələlər yaranır. Bütün bu baxımdan düşünürəm ki, tənqidlər yersizdir. Burada əsas olan şagirdin biliyinin ölçülməsidir, onun nə vaxt ölçülməsinin o qədər də əhəmiyyəti yoxdur. Bir də əsas odur ki, suallar hazırlanarkən gələcək aylarda keçiriləcək mövzulardan salınmasın".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
redaktor.az

2Источники