RU

"Məktəblərdəki hadisələr psixoloqların mövqeyinin gücləndirilməsini tələb edir" - İlqar Orucov

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, məktəb psixoloqlarının bilik və bacarıqları üzrə diaqnostik qiymətləndirmə 2018-ci ildə keçirilib. Nəticələrə əsasən onlar üçün təlimlər təşkil olunub və peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilib. O qeyd edib ki, sertifikatlaşdırma prosesi ilk mərhələdə müəllimlər üçün nəzərdə tutulsa da, növbəti illərdə psixoloqlar və digər pedaqoji heyət üzvlərinin də mərhələli şəkildə qiymətləndirilməsi mümkündür.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd etdi ki, psixoloqların və digər pedaqoji heyət üzvlərinin də mərhələli şəkildə qiymətləndirilməsi lazımdır.

"Təbii ki, onlar məktəbin idarə edilməsində, ümumilikdə keyfiyyətli təhsilin təmin olunmasında çox vacib mövqe daşıyırlar və bu mənada, xüsusilə nəzərə alsaq ki, son dövrlərdə məktəblərdə baş verən xoşagəlməz hadisələr eyni zamanda psixoloqların yerinin, rolunun və mövqeyinin gücləndirilməsini tələb edir. Bu baxımdan onların peşəkarlığının qiymətləndirilməsi, hesab edirəm ki, daşıdıqları vəzifələrdə daha keyfiyyətli və daha səmərəli fəaliyyət göstərmələrinə hədəflənmiş addımlardandır. Açığı deyim ki, məktəb psixoloqlarının qiymətləndirilməsi, onların sertifikasiyaya cəlb olunması həm də əməyinin stimullaşdırılmasına, bütövlükdə sosial müdafiəsinin gücləndirilməsinə, digər tərəfdən isə əməkhaqqına münasibətdə diferensial yanaşmanın ortaya qoyulmasına gətirib çıxaracaq.

Burada çox vacib məqamlardan biri ondan ibarətdir ki, onlar davamlı olaraq öz üzərlərində işləməlidirlər, peşəkarlıqlarını artırmalıdırlar. Peşəkarlıqlarının artırılması baxımından da mən bunu faydalı hesab edirəm. Ümumilikdə təhsil sistemi yenilənir, ölkədə təhsilin keyfiyyətli təşkili istiqamətində çox ciddi addımlar atılır. Bir qədər öncə müəllimlər sertifikasiya prosesinə cəlb olundu, biz bunun nəticələrini təbii ki, illər sonra görəcəyik, amma düşünürəm ki, məktəb təkcə müəllimdən ibarət deyil, məktəb təkcə direktorundan ibarət deyil. Məktəbdə digər vəzifə daşıyıcıları da var ki, bütövlükdə işçilərə kompleks şəkildə yanaşma olmalıdır və bu baxımdan mən sertifikasiyanı ən doğru addımlardan biri kimi dəyərləndirirəm", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Избранный
51
1
redaktor.az

2Источники