RU

Neft gəlirlərinin artması ehtiyatların formalaşmasına imkan yaradır – ŞƏRH

Bakı, 29 aprel, AZƏRTAC

Neft qiymətlərində baş verən dəyişikliklər hazırda mütəmadi xarakter daşıyır və ümumi artım müşahidə olunur. Bu artım əsasən neftlə bağlı amillərlə əlaqədardır. Bildiyimiz kimi, bölgədə çoxlu infrastruktur zədələnib, eyni zamanda Hörmüz boğazında böhran yaşanır.

Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli AZƏRTAC-a açıqlamasında bildirib ki, mövcud vəziyyətin bir neçə ay davam etməsi mümkündür və bu, neftin qiymətinə artım istiqamətində təsir göstərə bilər. Onun sözlərinə görə, vaxtaşırı ABŞ Prezidenti Donald Trampın çıxışları və atdığı addımlar da qiymətlərin kəskin dəyişməsinə səbəb olur.

Ekspert qeyd edib ki, cari il üçün dövlət büdcəsi artıq təsdiqləndiyindən, bu dəyişikliklərin büdcə planlamasına ciddi təsiri yoxdur.

“Büdcədə neftin qiyməti əvvəlcədən müəyyən olunur. İlin ortalarında büdcəyə yenidən baxıla bilər və zərurət yaranarsa, bəzi xərclər artırıla və ya azaldıla bilər. Hazırkı mərhələdə isə buna ehtiyac görülmür. Neft qiymətlərinin artımı müəyyən risklər də yarada bilər. Qiymət artımı inflyasiyaya, inflyasiya isə iqtisadi böhrana səbəb ola bilər”, - deyə iqtisadiyyat kafedrasının dosenti əlavə edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasına gəldikdə isə, ekspert qeyd edir ki, hazırda bazarda spekulyativ amillər kifayət qədər çoxdur: “Bununla yanaşı, neft qiymətlərinin artması fondun gəlirlərinin də artmasına səbəb olur. ARDNF artıq təcrübəli qurumdur və bu kimi dəyişiklikləri nəzərə almaq imkanına malikdir. Qlobal maliyyə bazarlarında, o cümlədən qiymətli kağızlar və qızıl bazarında müşahidə olunan qeyri-sabitlik fonunda, belə dövrlərdə daha ehtiyatlı davranmaq və hadisələrin inkişaf istiqamətinə uyğun qərarlar vermək vacibdir”.

Ekspertin fikrincə, neft qiymətlərinin artımı ən azı 6 ay davam edə bilər və ya qısamüddətli də ola bilər.

“Əgər münaqişələr tez başa çatsa, təsir o qədər də böyük olmayacaq. Lakin infrastrukturların zədələnməsi bərpa prosesini çətinləşdirir və bu da qiymətlərə təsir göstərir. Bu səbəbdən hazırkı şəraitdə konkret və birmənalı qərar vermək çətindir. Azərbaycan neft və qaz ixrac edən ölkə olduğu üçün qiymətlərin artması müəyyən mənada müsbət hal kimi qiymətləndirilə bilər. Neft gəlirlərinin artması ehtiyatların formalaşmasına imkan yaradır və gələcəkdə qiymətlərin enməsi zamanı bu ehtiyatlardan istifadə etmək mümkündür”, - deyə Emin Qəribli vurğulayıb.

Избранный
61
1
azertag.az

2Источники