"Lionsgate" studiyasının istehsalı olan "Maykl" filmi ilk həftəsonunda ABŞ və Kanadada 97 milyon dollar qazanıb, dünya üzrə ümumi gəliri isə 217,4 milyon dollara çatıb. Bu, musiqiçilər haqqında bioqrafik filmlər tarixində ən yaxşı startdır: əvvəlki rekord 2015-ci ildə "Küçələrin səsi" (Straight Outta Compton) filminə məxsus idi (60 milyon dollar).
Hakimiyyet.az xəbər verir ki, ekran işi hətta 51 milyon dollarla start götürüb, daha sonra dünya üzrə 910 milyon dollar toplayan "Bohem rapsodiyası"nı da geridə qoyub. Maraqlıdır ki, "Maykl" filmi "Rotten Tomatoes" saytında tənqidçilərin cəmi 38% rəğbətini qazansa da, izləyicilər "CinemaScore" şkalası üzrə ona "A-" qiymətini veriblər. Bilet alanların 61%-ni qadınlar, 66%-ni isə 25 yaşdan yuxarı tamaşaçılar təşkil edib.
Filmin rejissoru Antuan Fukua, baş rolun ifaçısı isə musiqiçinin qardaşı oğlu Jafar Ceksondur. Ekran işinin büdcəsi təxminən 200 milyon dollar olub: 1994-cü ildəki cinsi zorakılıq işi ilə bağlı hüquqi məhdudiyyətlərə görə yaradıcılar filmin bir hissəsini yenidən çəkməli olublar ki, bu da xərcləri nəzərəçarpacaq dərəcədə artırıb. Lent 1988-ci ildəki "Bad" turu ilə yekunlaşır.