Azərbaycanla Ermənistan arasında normallaşma prosesi yeni mərhələyə qədəm qoyur və tərəflər sülh gündəliyini irəli aparmaq üçün konkret addımlar atırlar. Prezident İlham Əliyevin təşəbbüsləri fonunda regionda etimad quruculuğu tədbirləri intensivləşir, o cümlədən iqtisadi və humanitar istiqamətlərdə məhdudiyyətlər tədricən aradan qaldırılır. Son görüşlər və qarşılıqlı səfərlər göstərir ki, dialoq artıq daha praktik müstəviyə keçir. Bununla belə, yekun sülh sazişinin imzalanması üçün hələ də həllini gözləyən mühüm siyasi və hüquqi məsələlər qalmaqdadır. Odur ki, qarşıdakı aylar regionun gələcəyi baxımından həlledici hesab olunur.
Milli Məclisin deputatı Zaur Şükürov Musavat.com-a şərhində sülh müqaviləsi paraflanan gündən bu günə qədər olan proseslərə diqqət çəkib:
“Məlum olduğu kimi, 8 avqust Vaşinqton razılaşmasından sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün müvafiq addımlar atılmaqdadır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın sülh təşəbbüsü çərçivəsində keçən ildən başlayaraq Ermənistana yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması da bu istiqamətdə mühüm təşəbbüslərdəndir. Məhz bunun nəticədir ki, Prezident İlham Əliyev dünyada nüfuzlu mükafatlara - “Zayed İnsan Qardaşlığı Mükafatı”na və “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb.

Xüsusilə qeyd edilməlidir ki, iki ölkə arasında normallaşdırma prosesi çərçivəsində keçən ilin noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşünün keçirilməsi, habelə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə “Sülh Körpüsü” layihəsinin gerçəkləşdirilməsi və görüşlərin mütəmadi xarakter alması etimad quruculuğu tədbirlərinə töhfə verə biləcək amillərdir. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri keçən ilin noyabrında Qəbələdə keçirilən görüşün davamı kimi qiymətləndirilməlidir və zənnimcə, keçən il baş tutmuş görüşdə müzakirə olunan məsələlərin yenidən nəzərdən keçirilməsi, sərhədlərin delimitasiyası, habelə digər yeni razılaşmalar barədə fikir mübadiləsi aparılması baxımından hazırkı səfərin səmərəli ola biləcəyini deyə bilərik”.
Deputat vurğulayıb ki, müstəqilliyimiz bərpa olunduqdan sonra iki ölkə ilk dəfədir sülh şəraitində yaşamağı öyrənir və 9 aya yaxındır ki, bu istiqamətdə tərəflər xoş niyyət nümayiş etdirirlər:
“Ermənistanın baş naziri Nikol Paşinyan istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvilərdə ölkəmizin normallaşma istiqamətində atdığı addımları təqdir etdiyini bildirib və bununla bağlı minnətdarlığını ifadə edib. Eyni zamanda qeyd edilməlidir ki, sülh prosesinin daha geniş vüsət alması üçün paraflanmış sülh sazişinin imzalanması yolunda əsas maneə olaraq qalan Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi zəruridir. Ümid edək ki, cari ilin iyun ayında keçiriləcək seçkilərdən sonra Ermənistan cəmiyyəti regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı düzgün qiymətləndirmək iqtidarında olacaq və Azərbaycana, həmçinin qardaş Türkiyəyə qarşı onilliklər boyu milli ideologiyaya çevrilmiş düşmənçilik, ərazi iddiaları, uydurma narrativlərdən əl çəkəcək, Ermənistan dövlətinin gələcəyinə təhlükə olan revanşist qüvvələrin yenidən baş qaldırmasına imkan verməyəcək, sülh, sabitlik və inkişafın yalnız qarşılıqlı hörmət və xoş niyyətli əməkdaşlıq vasitəsi ilə mümkün olacağını anlayacaq”.
Nigar Həsənli
Musavat.com