Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilir.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, mayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.
İmtahan qrafikinə əsasən:
2 may — alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri;
3 may — riyaziyyat, kimya, biologiya müəllimləri;
10 may — fizika, ibtidai sinif və coğrafiya müəllimləri;
11 may — fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.
