
Araşdırmalar göstərib ki, insanlar həyatlarının ən bədbəxt dövrünü təxminən 49 yaşında yaşayırlar.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 14 milyon insanın iştirak etdiyi genişmiqyaslı araşdırmanın nəticələrinə görə, “orta yaş böhranı” anlayışı sadəcə mif deyil.
Tədqiqatın nəticələrinə əsasən, insan xoşbəxtliyi həyat boyu “U” formasında dəyişir. Gənclik illərində yüksək olan həyat məmnuniyyəti 40 yaşların sonlarında ən aşağı səviyyəyə enir, daha sonrakı illərdə isə yenidən artmağa başlayır.
Tədqiqatın müəllifi, britaniyalı iqtisadçı Devid Blançflauerin sözlərinə görə, 49 yaş bir çox insan üçün emosional baxımdan ən çətin mərhələ hesab olunur. Bu dövrdə insanlar reallaşmamış arzular, həyatın məhdudiyyətləri və zamanın sürətlə keçməsi ilə daha dərindən üzləşirlər.
Bu yaşda ailəvi və peşəkar məsuliyyətlər pik həddə çatır. Valideynlərin yaşlanması, sağlamlıq problemlərinin ortaya çıxması və sosial çevrədə ilk itkilərin yaşanması emosional yükü daha da artırır.