RU

ABŞ Senatında Kuba gərginliyi: Respublikaçılar demokratların qadağa cəhdini boğdu

ABŞ Senatındakı respublikaçı çoxluq demokratların Kuba ilə bağlı irəli sürdüyü mühüm qətnamə layihəsinin müzakirəsini bloklayıb.

Musavat.com xəbər verir ki, sözügedən sənəd Kubaya qarşı hər hansı hərbi əməliyyatların başlanması üçün mütləq şəkildə Konqresin rəsmi təsdiqinin alınmasını tələb edirdi.

Səsvermənin nəticələrinə əsasən, 51 senator qətnamənin rədd edilməsinin lehinə, 47 nəfər isə əleyhinə səs verib, iki nəfər isə bitərəf qalıb. "Reuters" agentliyinin məlumatına görə, Floridadan olan respublikaçı senator Rik Skott bu səsverməni "yersiz" adlandırıb.

O qeyd edib ki, hazırda prezident Donald Tramp Kubada hər hansı qoşun yerləşdirməyib və bu səbəbdən hərbi səlahiyyətlərin məhdudlaşdırılmasına ehtiyac yoxdur. Bununla belə, demokratlar Ağ Evin regiondakı siyasətinin hərbi münaqişə riskini artırdığını iddia edərək, qabaqlayıcı tədbirlərin vacibliyini müdafiə edirlər. Respublikaçıların bu addımı administrasiyanın xarici siyasət kursunda manevr imkanlarını qoruyub saxlaması kimi qiymətləndirilir.

Konqresdəki bu qarşıdurma ABŞ-ın Latın Amerikası ölkələrinə qarşı tətbiq edəcəyi mümkün ssenarilər ətrafında müzakirələri yenidən alovlandırıb. Hazırda rəsmi Vaşinqtonun Kubaya qarşı sanksiya təzyiqlərini artıracağı və hərbi variantı tamamilə istisna etmədiyi bildirilir. 

Musavat.com

Избранный
39
musavat.com

1Источники