Senatdakı respublikaçılar İranla hərbi qarşıdurmanın 60 günlük müddətinə necə reaksiya vermək məsələsində fikir ayrılığı yaşayırlar.
Bəziləri hesab edirlər ki, ABŞ Konqresi 1973-cü il “Hərbi səlahiyyətlər haqqında” Qanunla müəyyən edilmiş müddət başa çatdıqdan sonra hərbi əməliyyatların davam etdirilməsinə səs verməlidir. Vaşinqtonda yaranmış siyasi gərginlik fonunda Prezident Donald Trampın həm xarici siyasətdə, həm də daxildə ciddi təzyiqlərlə üzləşdiyi bildirilir.
Maraqlıdır, mövcud vəziyyət Tramp administrasiyası üçün hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, aprelin 28-də Trampın Konqresdən icazə almadan 60 gün ərzində İrana qarşı hərbi əməliyyatlar aparmaq barədə qanunvericiliklə müəyyən edilmiş müddət başa çatıb.

Onun sözlərinə görə, bu müddət ərzində ABŞ-nin İranı məğlub etmək, ona təslimçi sülh müqaviləsini imzalatmaq üçün cəhdləri səmərə verməyib, müharibə məsrəfləri 60 milyardı ötüb, super dövlət olaraq ABŞ-nin nüfuzuna ciddi xələl gəlib, NATO ittifaqı üzrə müttəfiqləri ilə münasibətlərində çat yaranıb, onun Yaxın Şərqdəki müttəfiqlərinin ABŞ-yə etimadı sarsılıb:
“ABŞ-nin müharibə dönəmində Yaxın Şərqdəki müttəfiqlərinin etibarlı müdafiəsini təmin edə bilməməsi, Hörmüz boğazı ətrafındakı gərginlik və dərinləşməkdə olan enerji böhranına görə Avropada Trampın siyasətindən narazılığın artması ABŞ-də demokratlar və respublikaçılar arasında munasibətlərin kəskinləşməsinə gətirib çıxarıb. Trampın seçicilər arasında sürətlə aşağı düşməkdə olan reytinqi konteksində demokratların impiçment olaylarına gedəcəyi istisna edilmir.
Vəziyyətdən çıxmaq, vaxt qazanmaq, demokratlar tərəfindən Konqress səviyyəsində olan hücumların qarşısını almaq, daxildə sosial gərginliyi səngitmək üçün istisna deyil ki, aprelin 25-də prezidentə sui-qəsd tamaşası səhnələşdirilib. Sui-qəsdçinin demokratlarla baglı olması, üstəlik, Zelinskinin fanatı kimi tanınması kimi xəbərlər hadisənin Brussel və ya Moskva izləri barədə düşünməyə də əsas verir.
Hərçənd ki, Trampa yaxın dairələrin sui-qəsdçilərlə əlaqəsi də mümkündür. Prezidentə hücum onun əzabkeş obrazının formalaşmasına və nəticə etibarilə cəmiyyətin onun ətrafında konsolidasiya olunması proseslərinə töhfə verə bilər”.
Politoloq əlavə edib ki, İranla aparılan müharibədə ABŞ-nin qarşısına qoyduğu məqsədlərə hələ də nail olmaması göz qabağındadır:
“Trampın beynəlxalq birlik və daxili auditoriyaya hesablanmış bəyanatlarında İran silahlı qüvvələrinin guya darmadağın olunduğu, nüvə çalışmalarının dayandırıldığı, zənginləşdirilmiş uranın əhəmiyyətli hissəsinin ABŞ-nin nəzarəti altına keçməsi barədə açıqlanan fikirlər öz təsdiqini tapmır.
Çünki İrannın Hörmüz boğazını ABŞ-nin bütün hədə və təhdidlərinə baxmayaraq hələ də öz nəzarəti altında saxlaması, ABŞ-nin boğazı dənizdən mühasirəyə almaqla baglı səylərinin səmərəsizliyi, İranın İslamabaddakı danışıqlara qatılmaqdan imtina etməsi, üstəlik danışıqlara İranın irəli sürdüyü şərtlərin ABŞ tərəfindən qəbul ediləcəyi təqdirdə qatıla biləcəyi ilə bağlı tələbləri göstərir ki, İran özünü məğlub tərəf kimi aparmır.
Rəsmi Tehranın irəli sürdüyü şərtlərin ABŞ tərəfindən qəbul edilməsi isə Tramp iqtidarının tabutuna sonuncu mıxın vurulması təəsuratı doğuracaq. İran isə ona dəymiş ziyana görə 270 milyard dollar kompensasiyanın ödənilməsini, ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarının bu ölkələrin ərazisindən çıxarılmasını, Ərəb və Qırmızı dənizdə ABŞ-yə məxsus təyyarə daşıyan üç gəminin bu dənizlərdən uzaqlaşdırılmasını, ABŞ-nin bir daha hücum etməyəcəyi ilə bağlı təminatların verilməsini, İranın nüvə enerjisindən istifadə etmək hüququnun rəsmən tanınmasını, İsrailin Livana hücumlarının dayandırılmasını və s. tələb edir.
Görünən odur ki, İsrailin təhdidi ilə İrana hücum edən ABŞ bu hücumun dünya iqtisadiiyyatında, Avropanın enerji təhlükəsizliyində, ABŞ-nin yeni dünya nizamı ilə bağlı geopolitik senarisi ətrafında doğura biləcəyi kataklizmləri izləyə bilməmiş, apardığı hesabat və təhlillərdə ciddi səhvlərə yol verib”.
Elşən Manafov vurğulayıb ki, müharibə vasitəsilə ABŞ-nin əsas rəqib hesab etdiyi Çinin iqtisadiyyatında neft qiymətlərinin qalxması ilə yaratmaq istədiyi geosiyasi “sunami” baş verməyib:
“İran Hörmüz boğazı ətrafında ABŞ-nin embarqo səylərinə baxmayaraq, Çinin əvvəlki tariflərlə neftlə təminatını davam etdirmiş, Rusiya və Çinlə hərbi sahədə əməkdaşlığını genişləndirməklə müdafiə qabiliyyətinin zəifləməsinə yol verməyib.
İran siyasi rəhbərliyinin aradan götürülməsi ilə bağlı ABŞ və İsrailin koordinasiya edilmiş siyasəti də səmərəsiz qalıb, İranın ali dini rəhbəri Xameneyinin, habelə digər yüksək rütbəli İran rəsmilərinin həlak olmasından sonra İranın çoxmilyonlu xalqı Xameneyi siyasi kursunun varisi Müctəba Xameyininin ətrafında daha da sıx birləşərək təcavüzkarlara qarşı qələbəyədək mübarizə aparmaq qətiyyətində olduğunu bəyan edib.
Bu isə qarşı tərəflərin mənəvi-psixoloji anlamda da İran cəmiyyətini, onun mübariz ruhunu diz çökdürə bilməməsinin bariz göstəricisidir.
İranla müharibəyə Trampın quru qoşunlarını cəlb etmə istəyi isə ABŞ-nin dünya miqyasında məşhur siyasətçisi və strateqi Kissincerin hələ 2013-cü ildə verdiyi proqnozların reallaşmasını sürətləndirə bilər. Bunu Netenyahu da bilməmiş deyil, Kissincer həmin ildə İsrailin yaxın 15 il ərzində yoxa çıxacağı proqnozunu vermişdi. Müharibə isə artıq ABŞ-nin dünya hegemonluğu iddiasının sonunun başlanğıcı ola bilər”.