RU

Bakıda əhalinin 500 min artacağı proqnozu

Ekspertlər hesab edirlər ki, bu artım paytaxtda mövcud olan problemləri daha da dərinləşdirəcək

17-22 may tarixlərində Azərbaycan şəhərsalma sahəsində ən böyük beynəlxalq tədbirlərdən birinə - BMT-Habitat (Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı) tərəfindən Azərbaycan hökuməti ilə birgə təşkil edilən Dünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək.

Forum ən aktual qlobal problemlərdən birini - mənzil böhranını müzakirə etmək üçün bir platforma yaradacaq. Bildirilir ki, bu gün dünyada 3 milyarddan çox insan mənzil problemləri ilə üzləşir, bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır və 300 milyondan çox insan evsizdir.

“Yeni Müsavat” xəbər verir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şöbə müdiri Çağrı Kərimzadə də paytaxt əhalisi və mənzil tikintisi barədə ilginc açıqlama verib.  Onun sözlərinə görə, 2040-cı ilə qədər Bakı əhalisi təxminən 540 min nəfər də artacaq ki, bu da infrastruktur ehtiyaclarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Xüsusilə 142 min  yaşayış vahidinə əlavə tələbat və təxminən 372 min iş yerinin yaradılması gözlənilir.

Bakıda əhalinin 500 min artacağı proqnozu və bunun mümkün fəsadları barədə mütəxəssislər nə deyir?

Ekspertlər hesab edirlər ki, bu artım Bakıda onsuz da mövcud olan problemləri daha da dərinləşdirəcək. İlk növbədə nəqliyyat yükü artacaq, tıxaclar daha dözülməz həddə çatacaq, ictimai nəqliyyatda sıxlıq yüksələcək. Kommunal xidmətlər, su təchizatı, kanalizasiya və enerji sistemləri üzərində təzyiq dəfələrlə artacaq.

Digər ciddi problem mənzil bazarında yaşana bilər. Tələbatın yüksəlməsi qiymətlərin daha da bahalaşmasına, kirayə bazarında yeni artımlara səbəb ola bilər. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün mənzil əlçatanlığı daha da çətinləşəcək. Urbanistlər ekoloji risklərə də diqqət çəkirlər. Əhalinin artması yaşıllıq sahələrinin azalmasına, havanın çirklənməsinə və şəhərdə həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Sosial infrastruktur - məktəblər, uşaq bağçaları, xəstəxanalar da əlavə yük altında qalacaq.

Akif

Akif Nəsirli 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a deyib ki, bu rəqəmlər ciddi bir şəhər planlaşdırması sınağını ortaya qoyur: “540 min nəfərlik artım kiçik bir rəqəm deyil, bu, demək olar ki, orta ölçülü bir Avropa şəhərinin əhalisi Bakıya əlavə olunacaq.

Ən böyük problem infrastrukturun bu tempə yetişə bilməsidir. Bakı artıq nəqliyyat yükü, su təchizatı və kanalizasiya sistemi baxımından gərginlik yaşayır. 142 min yeni yaşayış vahidi tələbatı isə yalnız tikinti məsələsi deyil, bu evlər harada tikiləcək, mövcud şəhər toxumasına necə inteqrasiya ediləcək, kommunal xidmətlər necə genişləndiriləcək, bunların hamısı paralel həll tələb edir.

İkinci ciddi məsələ sosial infrastrukturdur. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, park sahələri, bunlar çox zaman yaşayış tikintisindən geri qalır. Əgər planlaşdırma bu detalları nəzərə almasa, yeni məhəllələr zamanla problemli zonalara çevrilə bilər.

372 min iş yeri proqnozu maraqlıdır, amma sual doğurur. Bu iş yerləri hansı sektorlarda olacaq? Əgər əhali artımı iş yeri artımını üstələyirsə, sosial gərginlik qaçılmazdır. Əksinə, keyfiyyətli iş yerlərinin yaradılması əhali axınını cəlb edə bilər, bu da dövrəni daha da sürətləndirir".

İqtisadçı deyib ki, gecəqondu riskini də kənarda qoymaq olmaz: “Dünya Şəhər Forumunun məhz bu problemi müzakirə etməsi təsadüfi deyil. Sürətli şəhərləşmənin idarə olunmadığı hallarda dünyada bu nəticə tez-tez baş verir. Bakıda ətraf rayonlardan miqrasiyanın artması, mənzil qiymətlərinin yüksəlməsi ilə birlikdə qeyri-rəsmi məskunlaşma risklərini artırır. Müsbət tərəfdən baxsaq, bu proqnozun erkən mərhələdə açıqlanması - 2040-ci ilə hələ 15 il var - düzgün planlaşdırma üçün kifayət qədər vaxt deməkdir. Əgər siyasi iradə, şəffaf şəhərsalma sənədləri və vətəndaş iştirakı bir araya gələ bilsə, Bakı bu artımı böhrana deyil, inkişafa çevirə bilər. Dünya Şəhər Forumuna ev sahibliyi etmək isə bu sahədə beynəlxalq təcrübə və tövsiyələrə çıxış baxımından yaxşı bir fürsətdir”.

Bizim

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlının sözlərinə görə, paytaxt uzun illərdir ki, ölkədaxili miqrasiyanın əsas istiqamətinə çevrilib: “Regionlarda iş imkanlarının məhdudluğu, təhsil, səhiyyə və digər xidmətlərin əsasən Bakıda cəmləşməsi insanları paytaxta üz tutmağa vadar edir. Əgər bu tendensiya davam edərsə, 2040-cı ilə qədər Bakı əhalisinin daha da artacağı qaçılmaz olacaq. Bu artım isə şəhərin infrastrukturuna çox ciddi yük gətirəcək. Onsuz da hazırda nəqliyyatda, kommunal xidmətlərdə, sosial infrastrukturda böyük gərginlik müşahidə olunur. Əhalinin daha da artması tıxacların, mənzil probleminin, ekoloji yükün və sosial gərginliyin dərinləşməsinə səbəb ola bilər. Əsas problem ondan ibarətdir ki, ölkənin iqtisadi və sosial resurslarının böyük hissəsi Bakıda cəmlənib. Regionların inkişafı eyni tempdə getmədiyi üçün daxili miqrasiya davam edir. Bu isə paytaxtı getdikcə daha yaşanmaz hala gətirir. Problemin həlli yalnız Bakıda yeni binalar tikməkdən keçmir. Əsas çıxış yolu regionlarda iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. İnsanlar yaşadıqları bölgələrdə normal həyat və gələcək görəndə paytaxta axın da azalacaq. Əks halda, yaxın illərdə Bakıda nəqliyyat, mənzil, su, enerji və digər kommunal sahələrdə daha ciddi problemlərlə üzləşə bilərik. Bu məsələ artıq sadəcə şəhərsalma deyil, milli təhlükəsizlik və strateji inkişaf məsələsidir”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

 

Избранный
42
musavat.com

1Источники