RU

Trampdan Putin və Ukrayna açıqlamaları

ABŞ prezidenti Donald Tramp Fox News telekanalına verdiyi audiomüsahibədə Ukrayna müharibəsi, Rusiya prezidenti Vladimir Putinlə təmaslar və qlobal münaqişələrin tənzimlənməsi ilə bağlı açıqlamalar verib. Müsahibə zamanı jurnalistin əsas sualları məhz Rusiya-Ukrayna müharibəsi və Putinlə mümkün danışıqlara yönəlib.

Tramp Ukraynadakı müharibəni “çox qanlı və çox pis müharibə” kimi qiymətləndirib və tərəflər arasında dərin nifrətin mövcudluğunu vurğulayıb:

“Biz nəyəsə nail olmağa çalışırıq, amma döyüşlər davam edir. Bu çox qanlı müharibədir. Mən səkkiz müharibəni tənzimləmişəm. Düşünürdüm ki, bu ən asanı olacaq, amma prezident Putinlə prezident Zelenski arasındakı nifrət hədsizdir – bu dəlilikdir. Nifrət sövdələşmə üçün pis şeydir. Amma bu baş verəcək”.

Jurnalistin Putinlə son danışıqlar barədə sualına Tramp detallara varmaqdan imtina edib, lakin təmasların mövcud olduğunu bildirib:

“Bu məlumatı açıqlamaq istəmirəm, amma mənim onunla söhbətlərim olur, prezident Zelenski ilə də danışırıq. Bizim yaxşı münasibətlərimiz var”.

Tramp daha sonra müxtəlif beynəlxalq münaqişələrin onun vasitəçiliyi ilə dayandırıldığını deyib və Hindistan–Pakistan gərginliyinə toxunaraq nüvə müharibəsi riskindən danışıb. Tramp bəzi rəqəmlər və hadisə təfərrüatları səsləndirsə də, bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Müsahibənin sonunda Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı nikbin ümid ifadə edib: “Biz bu müharibə üzərində işləyirik. Ümid edirəm ki, nəticə əldə edəcəyik”.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
120
musavat.com

1Источники