İsrailin xarici işlər naziri Gideon Saar, ukraynalı həmkarı Andrii Sybihanın Rusiyanın "Ukraynadan oğurladığı" iddia edilən taxılın gəmi ilə Hayfa şəhərinə gətirilməsi barədəki ittihamlarına heç bir sübut təqdim edilmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazir Saar ukraynalı həmkarına xitabən: "Diplomatik münasibətlər, xüsusən də dost ölkələr arasında Twitter və ya media vasitəsilə aparılmır", - deyə qeyd edib.
Kiyev rəhbərliyinin iddialarını dəstəkləyəcək sübutları hələ təqdim etmədiyini vurğulayan Saar, Sybiha-ya müraciətlə bildirib: "Siz mediaya və sosial şəbəkələrə müraciət etməzdən əvvəl, hətta hüquqi yardım üçün belə sorğu göndərməmisiniz." Nazir, həmçinin məsələnin araşdırılacağını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Ukrayna XİN başçısı Sybiha sosial media hesabında etdiyi paylaşımda, "oğurlanmış" taxılı daşıyan gəminin Hayfaya çatması səbəbindən İsrailin Kiyevdəki səfiri Mixael Brodskini Xarici İşlər Nazirliyinə çağırdıqlarını bəyan etmişdi. Sybiha həmçinin bildirmişdi: "Daha bir gəminin Hayfaya çatmasından sonra İsrailə oğurlanmış taxılı qəbul etməməsi və münasibətlərimizə xələl gətirməməsi barədə növbəti dəfə xəbərdarlıq edirik."
Xədicə BAXIŞLI