RU

Kanadada uşaqlar üçün sosial media və çatbotlara məhdudiyyət müzakirə olunur  

Kanadanın Manitoba əyalətinin baş naziri Vab Kinyu uşaqların sosial şəbəkələrdən və süni intellekt əsaslı çatbotlardan istifadəsinə qadağa tətbiq olunmasını təklif edib. O, bu fikri əvvəlcə xeyriyyə tədbirində səsləndirib, daha sonra isə X platformasında paylaşaraq yenidən gündəmə gətirib.

Baş nazir bildirib ki, sosial media platformaları bəzən daha çox bəyənmə, baxış sayı və gəlir əldə etmək məqsədilə uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək məzmunları ön plana çıxarır. Onun sözlərinə görə, uşaqların diqqəti və uşaqlıq dövrü heç vaxt kommersiya vasitəsinə çevrilməməlidir.

Hazırda irəli sürülən təşəbbüsün detalları açıqlanmayıb. Yaş həddinin neçə olacağı, qanunun nə vaxt qüvvəyə minəcəyi və hansı üsulla tətbiq ediləcəyi kimi əsas məqamlar hələ dəqiq deyil.

Bu məsələ yalnız Manitoba ilə məhdudlaşmır. Kanada Liberal Partiyası da ölkə səviyyəsində 16 yaşdan aşağı şəxslərin sosial media və AI çatbotlardan istifadəsinin məhdudlaşdırılmasını dəstəkləyən qərar qəbul edib. Bəzi digər təşəbbüslərdə isə yaş həddinin 14-ə endirilməsi müzakirə olunur. Bu isə Avstraliya kimi bəzi ölkələrdə tətbiq edilən qaydalardan daha sərt yanaşma hesab olunur.

Bununla yanaşı, mütəxəssislər belə qadağaların real nəticə verəcəyinə şübhə ilə yanaşırlar. “Molly Rose Foundation” tərəfindən aparılan araşdırmaya əsasən, bir çox yeniyetmə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq sosial media hesablarından istifadə etməyə davam edir və qadağaları asanlıqla aşmağın yollarını tapır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
75
azerbaijan-news.az

1Источники