RU

Kupça dan asılı qalan işıq, qaz və su PROBLEMİ

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsi ilə bağlı qaydalar dəyişib.

Yeni tələblərə əsasən, qaz, işıq və su xidmətlərinin verilməsi üçün yaşayış evinə dair çıxarışın (“kupça”) təqdim olunması zəruridir. Amma bu qərar cəmiyyətdə ciddi narazılıq yaradıb. İnsanlar faktiki olaraq ev tikib içində yaşayırlar, amma kommunal xidmətlərdən yararlana bilmirlər.

Yəni çıxarışı olmayan evlər kommunal xidmətlərdən yararlana bilmədiyi üçün həm sakinlər əziyyət çəkir, həm də dövlət büdcəsi əlavə gəlirdən məhrum olur.

Maraqlıdır, niyə dövlət həmin vəsaitdən özünü məhrum qoymalıdır? Əvvəllər xüsusilə kənd yerlərində bir çox evlərin “kupça”sı olmasa da, sakinlər qaz, işıq və su ilə təmin edilirdi. 

İndi artıq bu mükün deyil? Nə üçün həmin evlərin sakinləri büdcəyə vəsait yatıra bilir, amma indi tikilənlərin sakinləri yatıra bilmir?

Qeyd edək ki, hazırda Bakıda yüz minlərlə sənədsiz ev var. Yəni bu çıxarış məsələsi aidiyyəti qurumlarla vətəndaş arasında həll olunmalı, kommunal xidmət göstərən qurumlar isə xidmət təqdim edib ödənişini toplamalıdır. 

Bu yanaşma həm vətəndaşların problemlərinin həllinə, həm də dövlət büdcəsinə əlavə vəsait daxil olmasına şərait yaradar.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu, çox mürəkkəb məsələdir.

O qeyd edib ki, burada “dövlətin büdcəsinə pul gedir” anlayışını müəyyən qədər mübahisələndirmək olar:

“Çünki kommunal xidmətlər bir çox istiqamətlərdə zərərli fəaliyyət sahələridir və bu sahələrə dövlət tərəfindən subsidiya məqsədilə vəsaitlər yönəldilir. Bu baxımdan, məsələyə yalnız gəlir aspektindən yanaşmağın doğru olmadığını düşünürəm.

Burada əsas məsələ ondan ibarətdir ki, vətəndaşların kommunal xidmətlərə çıxış hüququ da təsbit olunmalıdır. Çünki bu, konstitusion hüquqdur. Hansısa formada burada konsensus təmin edilməlidir.

Qarşılıqlı güzəştlər əsasında bu məsələ öz həllini tapmalıdır. Çünki birmənalı şəkildə kommunal xidmətlərə çıxışın məhdudlaşdırılması konstitusion hüquqların məhdudlaşdırılması deməkdir.

Burada sənədsiz evlərin necə formalaşdığı, necə tikildiyi, hansı qeyri-rəsmi sövdələşmələrin buna şərait yaratdığı araşdırılmalı, bu istiqamətdə tədbirlər daha da dərinləşdirilməli və problemin qarşısı alınmalıdır. Yəni birinci məsələ odur ki, sənədsiz ev olmamalı, belə tikililərə yol verilməməlidir”.

Onun sözlərinə görə, burada ikinci məsələ isə ondan ibarətdir ki, əgər hansısa formada ev tikilibsə və buna hansısa formada göz yumulubsa, o zaman vətəndaşın kommunal xidmətlərə çıxışının məhdudlaşdırılması doğru deyil:

“Yəni bu zamn insan nə etməlidir? Bu məsələ eyni zamanda müəyyən sosial kateqoriyaya aid insanları əhatə edir. Böyük ehtimalla, bunların əksəriyyəti aşağıgəlirli sosial qruplardır.

Onların bir tərəfdən mənzil şəraiti hüququ var və bu da konstitusion hüquqdur. Amma digər tərəfdən isə mövcud bazar şərtlərində bu insanlar mənzil şəraitlərini yaxşılaşdıra bilmirlər.

Sosial mexanizmlər bu istiqamətdə kifayət qədər hədəfli deyil. İpoteka, “güzəştli mənzil”, “kirayə mənzil” layihələri istiqamətində də müəyyən nöqsanlar mövcuddur. Belə şəraitdə insanlar alternativ yollardan istifadə etməyə məcburiyyətindədirlər. 

Məhz bu məcburiyyəti yaradan səbəblərin aradan qaldırılması hökumətin diqqət mərkəzində olmalıdır. Nə üçün bu insanların mənzilə çıxış imkanları məhduddur? 

Nə üçün gəlirləri aşağıdır? Mənzil qiymətləri niyə bu qədər yüksəkdir? Bu şərtlər daxilində daha effektiv və əlverişli sosial mexanizmlər formalaşdırıla, mövcud mexanizmlər isə təkmilləşdirilə bilər”.

Rəşad Həsənov vurğulayıb ki, bəzi iri yaşayış massivləri və şəhərciklərdə MTK-ların səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən sakinlər uzun müddət çıxarış ala bilmirlər:

“Burada digər mühüm məsələ çıxarışla bağlıdır. Bu məsələ müəyyən mənada məsuliyyətliliklə də əlaqəlidir. Yəni burada hansısa formada iri yaşayış məskənləri, şəhərciklər salınıb. 

Həmin ərazilərdə isə sadəcə MTK-ların fəaliyyətdəki səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən insanlar uzun müddət çıxarışla təmin olunmurlar.

Ola bilsin ki, bu kimi təzyiqlər həmin yaşayış məntəqələrində məsuliyyətliliyin artmasına, insanların çıxarış əldə etmə imkanlarının dəstəklənməsinə xidmət etsin. Beləliklə də, vətəndaşların mülkiyyət hüquqlarından istifadə etməsi üçün əsaslar yarana bilər. Yəni məsələnin müəyyən mənada pozitiv təsirləri də ola bilər.

Digər məsələ isə ondan ibarətdir ki, bəzi insanlar fərdi yaşayış evləri üzrə, həmin ərazilərdə çıxarışların verilməsinə baxmayaraq, bu sənədləri əldə etməkdə gecikir və ya səhlənkarlıq edirlər. 

Bu baxımdan, belə addımların onlara da müəyyən təsiri ola bilər ki, bu insanlar öz əmlaklarını leqallaşdırsınlar, mülkiyyət hüquqlarını təsbit etdirsinlər.

Mülkiyyət hüququnun rəsmiləşdirilməsinin dövlət üçün başqa gəlir mənbəyi formalaşdırması məsələsi də var. Vergi Məcəlləsinə görə, əmlak vergisinin hesablanması üçün daşınmaz əmlakın çıxarışının olması əsas şərtlərdən biridir.

Yəni çıxarış yoxdursa, əmlak vergisinin hesablanması qanunvericilik baxımından düzgün deyil. Yəni hökumət ola bilsin ki, bu istiqamətdə də müəyyən təzyiq mexanizmləri vasitəsilə vergi bazasını genişləndirmək istəyir. 

Təbii ki, burada çox böyük gəlirlərdən söhbət getmir. Amma bu istiqamətdə müəyyən məqsədlərin olması istisna deyil”.O bildirib ki, başqa bir məsələ isə bu sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müəyyən mexanizmlərin formalaşdırılmasıdır:

“Guya bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması məqsədi daşıyan addımlar atılır. Bu yanaşma həmçinin müvafiq istiqamətdə insanların, yəni mülkiyyət sahiblərinin davranışlarına da müəyyən təzyiq etmə yolu ilə hansısa formada onları dəyişməyə hədəflənib ki, daha çox insan bu imkanlardan istifadə etsin.

Düşünürəm ki, istənilən halda ortaq bir mövqe sərgilənməlidir. İnsanlar istənilən halda hər hansı bir yerdə yaşayırsa, yaşamaq məcburiyyətində qalıbsa və fərdi yaşayış evi tikmələri üçün hansısa formada şərait yaranıbsa, artıq orada məskunlaşıblarsa, həmin insanların da kommunal xidmətlərdən istifadə hüququ təmin olunmalıdır”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

kommunal Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
cebheinfo.az

2Источники