Bakı, 28 aprel, AZƏRTAC
“Bild” qəzetinin çərşənbə axşamı dərc etdiyi sorğunun nəticələrinə görə, Almaniya Kansleri Fridrix Merts ölkənin ən yaxşı 20 siyasətçisinin populyarlıq reytinqində sonuncu yerə düşüb. O, cəmi 28,9 xal toplayaraq 18-ci yerdən 20-ci yerə düşərək Almaniyanın ən qeyri-populyar siyasətçisi olub.
AZƏRTAC qəzetin məlumatına istinadla xəbər verir ki, sorğuda diqqət çəkən məqam Mertsin populyarlığının azalmasının təkcə milli tendensiya deyil, həm də onun öz seçiciləri arasında müşahidə olunmasıdır. Hətta Kanslerin Xristian Demokrat İttifaqı (CDU) partiyasının və onun kiçik tərəfdaşı Xristian Sosial İttifaqının (CSU) tərəfdarları arasında belə, siyasətçi ən aşağı pillələrdə qərarlaşıb.
CDU/CSU seçiciləri arasında respondentlərin yalnız 10 faizi Merts haqqında müsbət fikirdədir, 58 faizi isə mənfi rəy bildirib. CSU lideri Markus Soder, Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vust və daxili işlər naziri Aleksandr Dobrindt kimi digər tanınmış mühafizəkar siyasətçilər ondan daha yaxşı nəticə göstərir.
Merts yanacaq qiymətlərinin artması da daxil olmaqla, İran müharibəsinin artan iqtisadi təsirləri ilə mübarizə aparır. Kansler bazar ertəsi günü ABŞ-nin münaqişədə hansı çıxış strategiyasına sahib olduğunu bilmədiyini deyib.
Ötən həftə Almaniya bu il və 2027-ci il üçün artım proqnozunu azaldıb. Mühafizəkarların rəhbərlik etdiyi Merts koalisiyası iqtisadiyyatın bu il cəmi 0,5 faiz artacağını gözləyir ki, bu da əvvəlki 1,0 faiz proqnozundan aşağıdır. 2027-ci il üçün iqtisadi artım proqnozu isə 1,3 faizdən 0,9 faizə endirilib.
Aprelin əvvəlində həftəlik “Bild am Sonntag” qəzeti tərəfindən aparılan sorğunun nəticələrinə görə, səsvermə hüququna malik seçicilərin 70 faizi Mertsin fəaliyyətindən narazı olduğunu, 21 faizi isə məmnun qaldığını bildirib. Sorğuda iştirak edənlərin 73 faizi Xristian Demokratlar və Sosial Demokratların mərkəz-sağ koalisiyasından narazıdır, cəmi 20 faizi isə onların fəaliyyətindən razıdır.