Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə onun əziz xatirəsini böyük ehtiramla yad edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də çiçəklər qoyulub.