Yeni genetik araşdırma Çernobıl canavarlarının ekstremal mühitdə necə sağ qala bildiyini izah edə bilər...
Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda 1986-cı il aprelin 26-da baş verən fəlakətli partlayışdan təxminən 40 il keçir.
Poliqon xəbər verir ki, bu barədə “Fokus” nəşri məlumat yayıb. Bildirilir ki, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl qadağan zonası insanlar üçün hələ də yaşayışa yararsız sayılsa da, araşdırmalar bəzi heyvanların bu ekstremal şəraitdə nəinki sağ qaldığını, hətta çoxaldığını göstərir.
Son dörd onillikdə insanların olmadığı bu əraziyə çoxlu sayda heyvan köçüb. Onların arasında boz canavarlar da var. Müşahidələrə görə, 1986-cı ildən sonra qadağan zonasında canavar populyasiyasının sıxlığı kəskin artıb.
Prinston Universitetinin təkamül bioloqları Kara Lav və Şeyn Kempbell-Statonun apardığı yeni genetik araşdırma bu prosesin səbəblərini anlamağa kömək edə bilər. Tədqiqat göstərir ki, Çernobıl canavarları dünyanın digər bölgələrində yaşayan canavarlardan genetik baxımdan fərqlənir. Bu isə onların bölgədə geniş yayılmış ionlaşdırıcı şüalanmaya qarşı uyğunlaşma əlamətləri inkişaf etdirə biləcəyini göstərir.
Kempbell-Statonun sözlərinə görə, alimlər populyasiya daxilində bəzi fərdlərin radiasiyaya qarşı daha davamlı olmasına imkan verən genetik dəyişkənliyin mövcud olduğunu düşünürlər. Ehtimal olunur ki, bu heyvanlarda xərçəng eyni tezliklə yarana bilər, lakin xəstəlik onların həyat fəaliyyətinə qadağan zonadan kənardakı heyvanlarda olduğu qədər ciddi təsir göstərməyə bilər.
Alimlər hesab edirlər ki, Çernobıl qadağan zonasının insanlardan təcrid olunması ərazini bir növ “radioaktiv təbiət sığınacağına” çevirib. Zaman keçdikcə bir çox heyvan bu bölgəyə qayıdıb və burada yaşamağa uyğunlaşıb.
Hazırda zonada marallar, zubrlər, qabanlar, canavarlar, itlər və digər heyvanlar yaşayır. Bununla belə, canavar populyasiyası xüsusilə seçilir. Müşahidələrə əsasən, qadağan zonasında canavarların sayı digər ərazilərlə müqayisədə 7 dəfədən çox yüksəkdir.
Yeni araşdırmada Prinston Universitetinin komandası canavarların bu şəraitdə necə uğurla yaşaya bildiyini araşdırıb. Tədqiqatçılar bir neçə Çernobıl canavarından qan nümunələri götürüblər. Müqayisə üçün Belarusda radiasiya səviyyəsinin daha aşağı olduğu ərazilərdən və radiasiyanın normal səviyyədə olduğu Yellouston Milli Parkından da nümunələr toplanıb.
Nəticələr göstərib ki, Çernobıl canavarlarında digər populyasiyalarla müqayisədə fərqli fəaliyyət göstərən 3180 gen var. Daha sonra alimlər bu genetik məlumatları Xərçəng Genomu Atlasındakı insan genetik məlumatları ilə müqayisə ediblər. Onlar insanlarda və itlərdə rast gəlinən 10 şiş növü ilə bağlı markerləri araşdırıblar.
Tədqiqat zamanı Çernobıl canavarlarında xərçənglə əlaqəli 23 genin daha aktiv olduğu müəyyən edilib. Maraqlıdır ki, bu genlər insanlarda bəzi xərçəng növləri zamanı daha yaxşı sağ qalma göstəriciləri ilə əlaqələndirilir.
Alimlərin fikrincə, Çernobıl canavarlarının genetik profili bir neçə nəsil ərzində radiasiyanın davamlı təsiri nəticəsində formalaşmış ola bilər. Başqa sözlə, bu yırtıcılar radioaktiv zonada yaşayır, şüalanmaya məruz qalmış heyvanlarla qidalanır, həmin heyvanlar isə öz növbəsində radiasiyaya məruz qalmış bitkilərlə bəslənir.
Araşdırma müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə insanlarda xərçəngin yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Poliqon.info