18 milyard dollarlıq fond infrastruktur layihələrinə yönələcək və “xalq fondu” kimi fəaliyyət göstərəcək...
Kanadanın Baş naziri Mark Karni ölkədə suveren rifah fondunun yaradıldığını elan edib.
Poliqon xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. Bildirilir ki, ilkin olaraq 18 milyard dollar kapital ilə təmin ediləcək fondun əsas məqsədi iqtisadiyyatı gücləndirmək və uzunmüddətli perspektivdə ABŞ-dən asılılığı azaltmaqdır.
Məlumata görə, fond əsasən Kanadanın infrastruktur layihələrinə investisiya yatıracaq və özəl şirkət prinsipləri əsasında idarə olunacaq. Eyni zamanda, Kanada vətəndaşlarının da bu fonda sərmayə yatırmasına imkan veriləcək.
Mark Karni bildirib ki, bu təşəbbüs yalnız hökumət layihəsi deyil, eyni zamanda “xalq fondu” olacaq. O qeyd edib ki, Norveç kimi təbii resurslarla zəngin ölkələrdə bu cür fondlar artıq mövcuddur, lakin Kanada indiyədək belə bir mexanizmə malik olmayıb.
Baş nazirin sözlərinə görə, fond boru kəmərləri, limanlar, yeni atom elektrik stansiyaları və yüksək sürətli sərnişin dəmir yolu xətlərinin tikintisini dəstəkləyəcək.
Nəşr qeyd edir ki, fondun gələcəkdə necə maliyyələşdiriləcəyi hələlik dəqiq müəyyənləşdirilməyib. Norveçdə oxşar fond dövlətin neft gəlirləri hesabına formalaşır. Kanadada isə təbii resurslar əsasən vilayətlərin nəzarətindədir və neft şirkətlərindən yığılan royaltilər də həmin vilayətlərə məxsusdur.
Xatırladaq ki, Kanadada 1976-cı ildə Alberta vilayəti əsasında oxşar fond yaratmaq cəhdi olub. Lakin sonrakı illərdə fonda neft gəlirlərinin köçürülməsi dayandırılıb. Ötən ilin sonuna olan məlumata görə, Alberta fondunun həcmi təxminən 32 milyard dollar təşkil edib.
Poliqon.info