ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verməyə başlayıblar. Ötən il bir uşağa İnnab, son 5 ildə isə bir neçəsinə Gilas, Badam və Püstə kimi adlar qoyulub.
Ad insanla birlikdə böyüyür. Uşaq “Püstə” adı ilə böyüdükdə, bu ad əvvəlcə şirin və maraqlı səslənə bilər, ancaq gələcəkdə onun həyatına neqativ təsiri çox ola bilər.
Əslində bu, cəmiyyətimizdə yeni deyil. Hər dövrdə “qəribə” sayılan adlara rast gəlinib.
Keçmişdə uşaqlara Geroy, Front, Traktor, Meydan, Kombayn, Vətən, Namizəd kimi adlar qoyulub. Hətta daha ağır, biabırçı adlara da rast gəlmək mümkündür.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bu cür uyğunsuz adların verilməsinin qarşısını almağa çalışsa da, bəzi hallarda valideynlərin qərarına tam təsir etmək mümkün olmur. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, ad seçimində “yaradıcılıq” ildən-ilə artır.
Dünyasını dəyişmiş yaxınların adını yaşatmaq ənənəsi də geniş yayılıb. Ailədə uşağa nənə-babanın adının verilməsinin insanın həyatına təsiri müsbət və ya mənfi mənada böyükdür. Məsələn, uşaq nənəsinin adını daşıyır, lakin həyatında uğursuzluqları bununla bağlayır (tez-tez xəstələnir) və nəticədə adını dəyişir.
Qədimdə insanlar Quranda eşitdikləri hər bir sözü də mənalarını bilmədikləri halda uşaqlarına ad kimi qoyublar. Bu da ağlasığmaz hərəkətdir. Yəni nəsə eşidiblər, qulağa bir az xoş gəlib deyə uşağa o sözü ad kimi veriblər.
Məsələn, “Aleyna” adı qız adı kimi istifadə olunur. Halbuki bu söz ərəbcədə isim deyil və “üzərimizdə” mənasını verir. Səslənişi xoş olsa da, məna baxımından uyğun deyil. Elə bil uşağa: “Üzərimizdə, gəl bura” deyə müraciət edirsən.
Rəvayətlərə görə, İslam tarixində mənası uyğun olmayan adlar çox dəyişdirilib. Bildirilir ki, Məhəmməd Peyğəmbər bəzi adları onların mənasına görə dəyişdirirdi.
Məsələn, “Abdulşəms” (Günəşin qulu) və ya “Abdullat” (Lât adlı bütə bağlılıq) kimi adları o dəyişdirib.
Peyğəmbərin ən çox dəyişdirdiyi ad “Harb” adı olub. Mənası döyüş, savaş deməkdir.
Xatırlayırsınızsa, illər əvvəl Azərbaycanda adla bağlı xoşagəlməz bir hadisə baş vermişdi. Bir valideyn “Əl-Qaidə” terror təşkilatının qurucusu Üsamə ben Ladenin adını oğluna vermək üçün müraciət etmişdi. Terminologiya Komissiyası bu istəyi rədd edərək bildirmişdi ki, belə bir ad cəmiyyətdə xoşagəlməz assosiasiyalar yaradır və milli ənənələrə uyğun deyil. Valideyn məhkəməyə müraciət etsə də, qərar dəyişməmişdi.
Valideynlər bəzən düşünmürlər ki, bu gün verilən ad sabah uşağın psixologiyasına mənfi təsir edəcək. Məktəbdə və cəmiyyətdə belə adlar lağ obyektinə çevrilə bilər.
Təəssüf ki, bu tək hal deyil. Uşaqlara “Cani”, “Türmə” kimi adların verilməsi halları da olub.
Bəzi valideynlər seçdikləri adın mənasını belə bilmirlər. Məsələn, “Cani” sözünün “cinayətkar” demək olduğunu bilmədən bu adı seçənlər var. Onlardan soruşduqda isə, sadəcə, bunun babadan qalan ad olduğunu və adı yaşatmaq istədiyini deyiblər.
Ad seçimi, sadəcə, zövq məsələsi deyil. Bu, məsuliyyət tələb edən bir qərardır. Cəmiyyətin bu sahədə maarifləndirilməsinə hələ də ehtiyac var. Çünki ad insanın ömrü boyu daşıdığı kimlikdir və onun sosial mühitdə necə qəbul olunmasına birbaşa təsir edir.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.