RU

Diplomatik skandal: ölkəsinin mövqeyinə qarşı çıxan Mamdaninin məqsədi nədir?

Nyu-York meri Zohran Kvame Mamdaninin “X”də anti-Azərbaycan paylaşımı böyük siyasi rezonans yaradıb. Mer paylaşımında yaxın tarixi ciddi şəkildə təhrif edib. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etməsini gözardı etməsi bir yana, o, paylaşımı ilə ABŞ-Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyi bir dövrdə, üstəlik, ölkəsinin Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfəyə də kölgə salmağa çalışır. Merin paylaşımı hələ də silməməsi isə bu şübhələri artırır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, Nyu-York meri Mamdaninin ABŞ-Azərbaycan münasibətlərinə uyğun olmayan açıqlaması, prezident Donald Trampın sülh mövqeyi ilə ziddiyyət təşkil edən fikirləri sadəcə onun fikirləri deyil.

e5ce42cb-e7ef-4db3-b316-bded444ea9ef_1200.jpg

Musavat.com-a şərhində deputat Mamdaninin siyasi keçmişinə nəzər salaraq, onun dini mənsubiyyətinə diqqət çəkib:

“Demokrat görünən Mamdaninin məzhəb təəssübkeşliyi var. Heç şübhəsiz ki, o, müəyyən lobbilərin təsiri altında belə açıqlama verir. Onun paylaşımı olduqca perspektivsizdir və gülünc doğurur. Nəticə etibarilə bu açıqlama 2025-ci ilin avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərə və nümayiş etdirilən mövqelərə ziddir, xüsusilə, ABŞ-nin sülh missiyasına zərbə vurmaq deməkdir. Buna görə də hesab edirəm ki, Mamdani vətəndaşı olduğu dövlətin siyasi mövqeyinin əleyhinə nəyə görə belə açıqlama verdiyini düşünməlidir. Belə açıqlamaların nə Azərbaycan, nə də sülh prosesi üçün əhəmiyyəti var. Mamdani kimilərin açıqlamalarına qalsa idi, Azərbaycan 30 il öncə Qarabağı itirmiş olmalı idi. Bənzər adamlar tərəfindən bənzər açıqlamalar demək olar ki, hər gün verilirdi”.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan sülh quruculuğu prosesindədir:

“Azərbaycan ABŞ ilə əlaqələrini dərinləşdirir. Hazırda iki ölkə arasında bir neçə istiqamətdə strateji tərəfdaşlıq haqqında sənədlər hazırlanır. Bununla bağlı hər iki tərəfdən ayrılmış xüsusi komissiya işləyir. Mamdaninin mövqeyi isə ölkəsinə və bütövlükdə sülhpərvər mövqeyə qarşı təxribatdır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Nyu-York meri Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edib.

AYXAN

“İctimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli və tarixən yalan ifadələrlə bölünməni dərinləşdirmək əvəzinə, barışığa töhfə verməlidirlər. Biz sizin təhrikedici ifadənizi rədd edirik. Bu cür ifadələr regionun tarixini və reallıqlarını anlamamağı nümayiş etdirir və siyasi hekayələr üçün faktları təhrif edir”, - deyə A.Hacızadə qeyd edib.

O vurğulayıb ki, Azərbaycan 2020-ci ildə beynəlxalq səviyyədə tanınmış suveren ərazisi daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib. Ayxan Hacızadə diqqətə çatdırıb ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri otuz il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələnib.

“Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, - deyə XİN rəsmisi qeyd edib.

Nigar Həsənli
Musavat.com

Избранный
63
musavat.com

1Источники