Azərbaycan ərazisində radiasiya baxımından təhlükəli zonalar yoxdur və bütün bölgələr yaşayış üçün mövcud normalara uyğundur. Ölkə üzrə radiasiya fonunun səviyyəsi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən müəyyən edilən standartlara cavab verir.
Bu barədə Pravda.az-a açıqlamasında akademik Adil Qəribov bildirib.
Onun sözlərinə görə, aran rayonları ilə müqayisədə dağlıq ərazilərdə radiasiya fonu bir qədər yüksək olur: “Bu, həm kosmik şüaların təsiri, həm də dağ süxurlarının tərkibində olan təbii radionuklidlərlə bağlıdır. Bu fərqlər insan sağlamlığı üçün təhlükə yaratmır və qəbul olunan səviyyələr beynəlxalq normalar çərçivəsindədir. Normal yaşayış üçün az miqdarda stimullaşdırıcı doza intervalında şüa qəbul etmək vacibdir. Çünki bunsuz canlı orqanizmdə proseslər sürətlənmir. İnsan orqanizmində də az miqdarda radionuklidlər mövcuddur və heç kəsdə bu göstərici sıfır deyil. Həmin stimullaşdırıcı doza olan ərazilərdə insanların ömrü daha uzun olur. Məsələn, Azərbaycanda uzunömürlülük daha çox Lerik və digər dağ rayonlarında müşahidə olunur”.
O qeyd edib ki, ölkədə radiasiya fonuna mütəmadi nəzarət edilir.
Aygün İbrahimli