Bakı, 27 aprel, AZƏRTAC
Qlobal səviyyədə ticarət marşrutlarının yenidən formalaşdığı, enerji xətlərinin dəyişdiyi və geosiyasi balansın sürətlə transformasiya olunduğu bir dövrdə turizm sektoru yeni funksional məzmun qazanır.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert və jurnalist Kadir Uğur Yılmaz bildirib.
Ekspertin sözlərinə görə, müasir dünyada turizm təkcə xidmət sahəsi deyil, dövlətlərin yumşaq güc alətidir.
“Turizm vasitəsilə ölkələr öz mədəniyyətini, tarixini və dəyərlərini təqdim etməklə yanaşı, beynəlxalq ictimai rəydə mövqelərini möhkəmləndirirlər. Bu baxımdan, ortaq mədəni köklərə malik Türk dövlətləri üçün turizm əməkdaşlığı xüsusi strateji resurs kimi çıxış edir. Türkiyədən başlayaraq Azərbaycan, Xəzər hövzəsi vasitəsilə Türkmənistan, Qazaxıstan və digər Orta Asiya ölkələrinə uzanan Orta Dəhliz üzərində unikal və çoxşaxəli turizm potensialı mövcuddur. Bu coğrafiya İpək Yolu şəhərləri, İslam sivilizasiyasının mühüm mərkəzləri, qədim karvan yolları, köçəri həyat tərzinin izləri, zəngin etnoqrafik irs və müxtəlif təbii landşaftları ilə seçilir. Burada həm tarix, həm mədəniyyət, həm də təbiət turizmi üçün geniş imkanlar var. Əslində, bu marşrut adi turizm xətti deyil, bütöv bir sivilizasiya marşrutudur.
Türk dövlətləri turizm sahəsində əsasən fərdi şəkildə fəaliyyət göstərir. Tanıtım kampaniyaları ayrı-ayrılıqda aparılır, viza və sərhəd prosedurlarında tam uyğunlaşma təmin edilməyib, ortaq tur paketləri isə kifayət qədər inkişaf etməyib. Bundan əlavə, statistik məlumatların və turizm göstəricilərinin paylaşımı da məhdud səviyyədədir. Bu amillər regionun vahid turizm məkanı kimi çıxış etməsinə mane olur”, - deyə Kadir Uğur Yılmaz əlavə edib.
Ekspert hesab edir ki, mövcud vəziyyəti dəyişmək üçün institusional yanaşma vacibdir: “Mədəni sahədə TÜRKSOY müəyyən uğurlu model formalaşdırıb. Lakin artıq bu modelin turizm sahəsinə uyğunlaşdırılması zəruridir. Türk dünyası çərçivəsində ortaq turizm əməkdaşlıq mexanizminin yaradılması – vahid brend strategiyası, ortaq marşrutların hazırlanması, beynəlxalq sərgilərdə koordinasiyalı iştirak və rəqəmsal platformaların inteqrasiyası baxımından mühüm nəticələr verə bilər. Belə bir mexanizmin yaradılması bir sıra mühüm üstünlüklər qazandıra bilər. İlk növbədə, region ayrı-ayrı ölkələrdən ibarət deyil, vahid turizm destinasiya kimi təqdim oluna bilər. Bu isə turistlərin səfər müddətinin uzanmasına, xərclərin artmasına və ümumi iqtisadi faydanın genişlənməsinə səbəb olacaq. Eyni zamanda, mədəni qarşılıqlı təsir güclənəcək, xalqlar arasında birbaşa ünsiyyət genişlənəcək və ortaq kimlik hissi daha da möhkəmlənəcək”.
K.U.Yılmaz əlavə edib ki, bu model gənclər üçün də yeni imkanlar yarada bilər: “Turizm sektoru əmək bazarı baxımından geniş imkanlar təqdim edir. Xidmət sahələri, nəqliyyat, bələdçilik, rəqəmsal turizm platformaları kimi istiqamətlərdə yeni iş yerləri yaradıla bilər. Bu isə region ölkələrində sosial-iqtisadi inkişafı dəstəkləyən amillərdən biridir”.
Ekspert Avropa təcrübəsinə də toxunaraq bildirib ki, inteqrasiya olunmuş turizm siyasəti ciddi nəticələr verir.
“Avropa İttifaqı ölkələrinin ‘Şengen effekti’ sayəsində turizm axınını necə artırdığı məlumdur. Sərhədlərin sadələşdirilməsi və vahid yanaşma turistlər üçün cəlbediciliyi artırır. Türk dünyası da özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq oxşar, lakin fərqli model formalaşdıra bilər. Müasir dövrdə rəqabət yalnız iqtisadi və hərbi güclə ölçülmür: “Bu gün insan axınını idarə edən, mədəni təsir imkanlarını genişləndirən və beynəlxalq əlaqələri dərinləşdirən aktorlar daha üstün mövqe qazanır. Turizm xalqlar arasında birbaşa əlaqə yaradır, qarşılıqlı etimadı gücləndirir və uzunmüddətli əməkdaşlıq üçün sosial baza formalaşdırır. Bu baxımdan, Orta Dəhlizin turizm komponentinin inkişafı Türk dünyasının gələcək inteqrasiyası və qlobal mövqeyinin möhkəmləndirilməsi üçün açar rol oynaya bilər”, - deyə Yılmaz əlavə edib.