Sərbəst güləş üzrə Avropa üçüncüsü Cəbrayıl Hacıyev (79 kq) Albaniyada keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Şükürlər olsun, komanda olaraq yaxşı çıxış etdik. Kislovodskidə yaxşı təlim-məşq toplanışı keçdik. Axırıncı hazırlığımız Bakıda oldu. Müəllimlərimin hamısı yanımda idi. Bu mənim böyüklərin Avropa çempionatında ikinci çıxışım idi. Əlbəttə, çempion olmaq istəyirdim. Bu dəfə üçüncü yerə çıxdım. İnşallah, gələn il daha da yaxşı hazırlaşıb, bu medalın əyarını qızıl edərəm. Qarşıdan dünya çempionatı gəlir. Ona da yaxşı hazırlaşacağam”.
Xatırladaq ki, Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatının 1/4 finalında slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevdən güclü olub – 7:2. Ancaq yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub olub. Güləşçimiz üçüncü yer uğrunda görüşdə Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayıb – 8:0. Bununla da Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb və karyerasının ən böyük uğuruna imza atıb.
