Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Rusiya-Ukrayna müharibəsindən sonra ilk səfər olduğu üçün əlamətdar hadisədir. İki ölkə prezidenti bu müddətdə beynəlxalq tədbirlərdə dəfələrlə görüşsə də, ilk dəfədir ki, Ukrayna Prezidenti Azərbaycan səfər etdi.

Bizim ölkələrimizin həm iqtisadi, həm də siyasi sahədə çoxşaxəli əməkdaşlığı var. Azərbaycan heç vaxt ikitərəfli münasibətlərini üçüncü tərəflərə qarşı yönəltməyib, əksinə, daim beynəlxalq hüquqa və öz milli maraqlarına əsaslanaraq balanslı və müstəqil siyasət yürüdüb.
Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü, Ukrayna da bu istiqamətdə ölkəmizi dəstəkləyib, ciddi humanitar dəstək verib. Zelenskinin Azərbaycana səfəri hər şeydən əvvəl ikitərəfli Ukrayna–Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Bu səfər hər iki ölkənin maraqları kontekstində xüsusi əhəmiyyət daşıyır və strateji baxımdan yüksək dəyərləndirilməlidir. Azərbaycan artıq regional diplomatik platforma kimi çıxış etmək qabiliyyətini də nümayiş etdirir. Bu isə ölkənin balanslı xarici siyasət kursunun nəticəsidir.
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müxtəlif geosiyasi mərkəzlər arasında körpü rolunu gücləndirib. Bu kontekstdə Zelenskinin səfəri də məhz Azərbaycanın artan beynəlxalq nüfuzu və vasitəçilik potensialı çərçivəsində qiymətləndirilməlidir.
Eyni zamanda, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı iqtisadi baxımdan da əlverişlidir. Ukrayna bazarının Azərbaycan üçün əhəmiyyəti olduqca yüksək və strateji xarakter daşıyır. İlk növbədə ona görə ki, Ukrayna vasitəsilə Azərbaycan dayanıqlı və uzunmüddətli şəkildə Şərqi Avropa bazarlarına çıxış əldə edə bilər.
Ukraynada möhkəmlənmək eyni zamanda Şərqi Avropa regionu üçün gələcəkdə daha geniş iqtisadi və ticari imkanlar deməkdir. Azərbaycanın Ukraynada mövcudluğu enerji və xidmət sektorlarının inteqrasiyası üzərində qurulan kompleks bir iqtisadi model kimi çıxış edir.
Digər mühüm məqam ondan ibarətdir ki, enerji sahəsində əməkdaşlığın genişlənməsi avtomatik olaraq logistika və nəqliyyat imkanlarının da inkişafına təkan verir. Belə bir şəraitdə Ukrayna ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması xüsusilə aktualdır. Bu əməkdaşlıq humanitar sahədə, iqtisadi əlaqələrdə, enerji təhlükəsizliyi və regional təhlükəsizlik məsələlərində yeni imkanlar yaradır.
Azərbaycan bu gün həm Rusiya, həm Avropa İttifaqı, həm Gürcüstan, həm də digər ölkələrlə münasibətlərində eyni prinsiplərə əsaslanır. Yəni ölkənin xarici siyasətində vahid və ardıcıl siyasi xətt mövcuddur – milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasət.
Qəbələ görüşünün ən strateji məqamlarından biri də Bakının özünü sülh platforması kimi təqdim olunması idi. Zelenskinin açıqlaması təsadüfi deyildi. Əgər şərtlər uyğun olarsa, danışıqlar Azərbaycanda keçirilə bilər. Bu isə o deməkdir ki, Bakı artıq neytral vasitəçi kimi qəbul olunur.
Azərbaycan regiondan kənar münaqişələrdə belə etibarlı platformaya çevrilir və siyasi dialoq üçün yeni coğrafi mərkəz formalaşır. Bir sözlə, Prezidentlərin Qələbədə təkbətək görüşü iki ölkə arasında müansibətlərin inkişafına təkan verəcək.