Mali Silahlı Qüvvələri gün ərzində ölkə boyu hökumət qoşunlarının bir sıra mövqelərinə hücum edən azı 80 yaraqlını məhv edib.
"Far.Az" xəbər verir ki, bunu Mali Ordusunun nümayəndəsi Süleyman Dembele ölkənin İctimai Televiziyasında açıqlayıb.
Məlumata görə, əməliyyat zamanı azı 80 yaraqlı, həmçinin onların silahları və nəqliyyat vasitələri məhv edilib.
"Düşmən təhlükəsizlik və müdafiə qüvvələri ilə döyüşə girdiyi hər bir istiqamətdə böyük itkilər verib", - Dembele bildirib.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı yaraqlıların bütün hücumlarının dəf olunduğunu və hakimiyyətin ölkədə vəziyyətə tam nəzarət etdiyini açıqlayıb.
Daha əvvəl Malinin əsas hərbi bazalarından olan "Kati"nin yaxınlığında partlayışların baş verdiyi bildirilib. Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf yaraqlıların Bamakoya və ölkənin bir sıra digər regionlarına hücumlarını kəskin şəkildə pisləyib.