Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim olunacağını açıqlayıb.
Ölkə.Az-ın "Financial Times" qəzetinə istinadən məlumatına görə, Baş nazir İranın Avropa ərazisindəki hücumlar üçün müxtəlif vasitəçi şəbəkələrdən istifadə etməsindən ciddi narahatlığını ifadə edib. Starmer bu növ fəaliyyətlərə qarşı operativ hüquqi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Hökumət rəhbəri məsələ ilə bağlı bunları deyib:
"Bütövlükdə bədxah dövlət aktorlarına və onlara qarşı tətbiq ediləcək qadağalara gəldikdə, zəruri addımların atılması üçün bizə qanunvericilik bazası lazımdır. Bu qanunvericiliyi mümkün qədər tez təklif edəcəyik".
Xatırladaq ki, Britaniyanın 2000-ci ildə qəbul edilmiş "Terrorizm haqqında" qanunu əvvəllər yalnız qeyri-dövlət qruplaşmalarına şamil edilirdi. SEPAH isə İranın rəsmi hərbi strukturu olduğu üçün hökumət hüquqşünasları hazırda həmin qanunun çərçivəsini genişləndirmək üzərində işləyirlər.