RU

Zənginlər ölümsüzlük istəyir: Bu baş versə nə baş verəcək?..

Kremldən Silikon vadisinə qədər dünyanın ən güclü insanları ölümə qalib gəlmək ideyasını gerçəkləşdirməyə çalışır...

Müəllif: Mark O’Konnell - Dublinli yazıçı, “Zorakılığın sapı” kitabının müəllifi.
The New York Times nəşri ABŞ

Bəzi ən varlı və nüfuzlu insanlar artıq daha çoxunu istəyir: əbədi həyat.

Bir zamanlar iki imperator - Çin imperatoru və Rusiya imperatoru qadağan olunmuş şəhərdə yanaşı addımlayırdılar. Onlar qırmızı-qızılı naxışlı xalça üzərində irəlilədikcə, saray əyanları hörmətlə onların arxasınca gedirdi. Hər iki imperatorun 72 yaşı var idi — bu, onların idarə etdiyi insanların orta ömür uzunluğuna yaxın idi. Onlar bir-birinin dilini bilməsələr də, tərcüməçilər vasitəsilə ölümü aldatmaq imkanını canlı şəkildə müzakirə edirdilər.

Bir məqamda Çin imperatoru qeyd etdi ki, əvvəllər insan nadir hallarda 70 ildən çox yaşayırdı, indi isə deyirlər ki, 70 yaş hələ gənclik sayılır. Bu zaman Rusiya imperatoru canlandı və dedi ki, artıq yaşlanan insanın ürəyini və ya qaraciyərini dəyişmək mümkündür, beləliklə insan getdikcə cavanlaşa bilər və bəlkə də ölümdən tam qaça bilər.

Sonra bu dialoq qəfil kəsilir, sanki Gilqameş dastanının qırılmış gil lövhələri kimi. Bu yarımçıq qalma həmin anın qəribə gərginliyini daha da artırır, sanki biz gizli bir səhnəyə şahid olmuşuq və hakimiyyətin mahiyyəti ilə bağlı sirr açılır.

Bu səhnəni ötən ilin sentyabrında viral olan videoda görmək mümkün idi: Si Cinpin və Vladimir Putin təsadüfən açıq qalan mikrofon vasitəsilə ölümsüzlük barədə danışarkən qeydə alınmışdı.

Bu qısa an olduqca simvolik idi. Onlar Tyananmen meydanına doğru gedirdilər. Bu meydan həm yüksələn gücün mərkəzi, həm də dövlət zorakılığı ilə yadda qalan yer. 1989-cu ildə qısa müddətə demokratiya ümidləri yaransa da, tanklar bu ümidləri məhv etdi.

Son illərdə demokratiya geri çəkilir, avtoritarizm güclənir. Hakimiyyət az sayda liderin və texnoloji milyarderin əlində cəmləşir. Orta ömür uzandıqca, tibbi imkanlara çıxışda və gəlirlərdə bərabərsizlik də artır. Bu fonda isə ən güclü insanlar ölümün aradan qaldırıla biləcəyinə inanmağa başlayıblar.

Ölüm həm qorxu, həm də təsəlli mənbəyidir. Tarix boyu ən qəddar hökmdarlar belə ölümdən qaça bilməyib. Bu isə dəyişiklik ümidini qoruyub.

Amma əgər tiran ölümsüz olarsa? Əgər o, onilliklərlə və ya sonsuza qədər hakimiyyətdə qala bilərsə? Bu fikir hələlik uzaq görünür, amma artıq onun özü belə dövrümüz haqqında çox şey deyir.

Bu günün güclü arxetiplərindən biri gəncliyini qorumağa çalışan elita obrazıdır. Xüsusilə texnoloji milyarderlər bu ideyanın önündə gedir.

Piter Til gənc donorların qan plazmasının həyat uzatma potensialını araşdırıb və bu sahəyə böyük sərmayələr yatırıb. O bildirib ki, ölümün “təbii” olması fikri ilə razı deyil.

Sem Altman insan ömrünü uzatmağı hədəfləyən şirkətlərə milyonlarla dollar sərmayə qoyub. Jeff Bezos da bu istiqamətdə böyük layihələri maliyyələşdirir.

Brayan Conson isə bu ideyanı şəxsi həyatının mərkəzinə çevirib. O, gen terapiyası, əlavələr və müxtəlif eksperimental üsullarla bədənini 18 yaş səviyyəsində saxlamağa çalışır. Onun şüarı sadədir: “Ölmə”.

Bu insanların ortaq cəhəti odur ki, onlar artıq adi insanlardan çox uzaqdır və bu fərqi ölüm qarşısında da qorumaq istəyirlər.

Texnologiya artıq əmək üzərində qələbə qazanır. Növbəti mərhələ isə insan təbiətinin özünə müdaxilədir.

Futuristlər hesab edir ki, süni intellekt insan ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. Bu istiqamətdə milyonlarla dollar investisiya qoyulur.

Lakin bu texnologiyaların hamı üçün əlçatan olacağı şübhəlidir. Çünki tarix göstərir ki, yeni imkanlar ilk növbədə varlılara xidmət edir.

Bəzi layihələr isə daha da radikal görünür. Məsələn, “beyinsiz klonlar” yaratmaq ideyası — gələcəkdə insanın beyni başqa bədənə köçürülə bilsin deyə.

Bu, hələlik fantastik səslənsə də, belə ideyaların müzakirə olunması belə dövrün nə qədər dəyişdiyini göstərir.

Hakimiyyət özü də bir növ ölümsüzlük layihəsidir. Xəritələri dəyişmək, imperiyalar qurmaq — bunlar simvolik olaraq ölümə qarşı çıxmaqdır.

Putin minlərlə insanı müharibəyə göndərərək imperiya ambisiyalarını həyata keçirməyə çalışır. Bu, həm də onun tarixdə qalmaq istəyi ilə bağlıdır.

Si Cinpin də oxşar şəkildə hakimiyyət müddəti məhdudiyyətini aradan qaldıraraq faktiki olaraq ömürlük liderliyə yol açıb.

Onun məqsədi Çinin “böyük dirçəlişi”dir — bu da bir növ simvolik ölümsüzlükdür.

Ölümsüzlük ideyası tarix boyu mövcud olub. Qədim Çin alkimyaçıları qızıl eliksir hazırlamağa çalışırdılar. Amma bu cəhdlər bəzən imperatorların ölümünə səbəb olurdu.

Qızıl və ölümsüzlük arasındakı əlaqə müxtəlif mədəniyyətlərdə mövcuddur. Qızılın çürüməməsi onu əbədiliyin simvoluna çevirib.

Bu gün isə bu ideyalar texnologiya ilə birləşir. Süni intellekt “müasir fəlsəfə daşı” kimi təqdim olunur.

Texnologiya və pul insanla ölüm arasında bir baryer yaratmağa çalışır.

Amma reallıq dəyişmir.

Nə qədər güclü və varlı olmasından asılı olmayaraq, heç kim ölümdən qaça bilməyəcək.

Brayan Conson öləcək. Piter Til öləcək. Sem Altman öləcək. Si Cinpin öləcək. Donald Tramp öləcək. Vladimir Putin öləcək.

Siz də öləcəksiniz. Mən də.

Heç kim xilas olmayacaq, nə süni orqanlar, nə süni intellekt, nə də digər texnologiyalar bu sonu dəyişməyəcək.

Ölüm böyük və dəyişməz bərabərlikdir...

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Избранный
113
50
poliqon.info

10Источники