Delfinlər haqqında çoxlarının bilmədiyi maraqlı bir fakt var: onlar yatarkən belə tam “sönmürlər”. Metbuat.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, delfinlər beyninin yalnız bir yarımkürəsini “yatızdırır”, digər yarısı isə aktiv qalır. Bu səbəbdən onlar bir gözünü açıq saxlayaraq ətraf mühiti izləməyə davam edir. Bu qeyri-adi xüsusiyyət delfinlərə həm nəfəs almağı davam etdirmək, həm də potensial təhlükələrdən qorunmaq imkanı verir. Çünki delfinlər insanlar kimi avtomatik nəfəs almır - onlar şüurlu şəkildə nəfəs almalıdır. Tam yuxuya getsələr, bu, həyatları üçün risk yarada bilər. Mütəxəssislər bildirir ki, bu davranış “unihemisferik yuxu” adlanır və yalnız delfinlərdə deyil, bəzi quş növlərində də müşahidə olunur. Bu xüsusiyyət sayəsində dəniz canlıları həm istirahət edir, həm də həyati funksiyalarını qoruyub saxlayır.