RU

YARAT tələbələri “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşasını təqdim edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Avstriyalı dramaturq Yura Zoyferin pyesi əsasında hazırlanmış “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası aprelin 24-də YARAT Müasir İncəsənət Məkanında, “XX-XXI əsr Azərbaycan Rəngkarlığı” Muzeyinin səhnəsində “Matrix” çoxsahəli qrup sərgisi çərçivəsində təqdim olunub. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzində “aktyor sənəti” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tamaşada rolları Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Murad Fərzəliyev, Elay Hənifəzadə və Sabir Gəraylı ifa ediblər. Kursun direktoru və quruluşçu rejissor Mikayıl Mikayılovdur. Plastik səhnə həlli isə Elnur İsmayılova məxsusdur.

1937-ci ildə yazılmış “Vineta” pyesi klassik antiutopiyadır. Hadisələr okeanın dibində baş verir; burada şəhər gündəlik həyatını “yaşamaqda” davam edir. Vineta sakinləri öldüklərindən və şəhərlərinin suya qərq olunduğundan xəbərsizdirlər. Conni isə fırtınadan sonra bu sualtı şəhərə düşən dənizçidir. O, şəhərin məhvə məhkum olduğunu, havanın olmadığını və zamanın dayandığını dərk edən yeganə insandır.

Bu yaxınlarda “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası Bişkekdə keçirilən “Yeni adlar” XI Beynəlxalq Tələbə Teatr Festivalında üçüncü yerə layiq görülüb. Həmçinin “Ən yaxşı eksperiment” nominasiyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mikayıl Mikayılov, “Ən yaxşı kişi rolu” nominasiyasında isə həmin universitetin tələbəsi Rahib Allahquliyev (dənizçi Conni roluna görə) mükafatlandırılıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində M.Mikayılov gənc aktyorların peşəkar səhnələrdə çıxış etməsinin vacibliyindən danışıb:

“Bu, onların özünəinamını gücləndirir və yaradıcılıqla məşğul olmağa davam etmək istəyini artırır. Eyni zamanda, onların düşüncə tərzini, dünyagörüşünü, daxili və xarici bacarıqlarını inkişaf etdirir”, – deyə həmsöhbətimiz bildirib.

“Tamaşa Qırğızıstanda keçirilən Beynəlxalq Tələbə Teatr Festivalında iştirak edib. Müəyyən texniki çətinliklər səbəbindən festivala qatıla bilməsək də, komissiya üzvləri bizə dəstək göstərərək tamaşanın videoyazısı ilə tanış oldular. Nəticədə üç nominasiya qazandıq.

Bu tamaşa ilə digər festivallarda, o cümlədən bu ilin may ayında Mədəniyyət və İncəsənət Universiteti tərəfindən keçiriləcək Azərbaycan Tələbə Teatr Festivalında iştirak etməyi planlaşdırırıq.

Bundan əlavə, eyni tələbə qrupu ilə, lakin digər – “Yay gecəsində yuxu” tamaşası ilə gələn ay Antalyada keçiriləcək Beynəlxalq Teatr Festivalında da iştirak edəcəyik. Həmin tamaşa ötən il Azərbaycan Tələbə Teatr Festivalında “Ən yaxşı tamaşa” nominasiyasını qazanıb. Həmçinin Qazaxıstanda keçirilən “Türk Dünyası” III Beynəlxalq Tələbə Tamaşaları Festivalında iştirak etmiş və “Ən yaxşı kişi rolu” nominasiyasına layiq görülmüşük.

Gələcəkdə “Vineta”nın daha çox tamaşaçı tərəfindən izlənilməsi üçün onu Azərbaycanın müxtəlif teatr səhnələrində təqdim etmək istərdik”, – deyə M.Mikayılov əlavə edib.

Müəllif – Anara Axundova

Foto – Azər İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
azertag.az

1Источники