Alimlər genişmiqyaslı araşdırmalar nəticəsində Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər. İspaniyalı tədqiqatçı Felipe Sereso Andreonun sözlərinə görə, tapıntılar Pun və Roma sivilizasiyalarından tutmuş orta əsrlərə və müasir dövrə qədər geniş bir zaman kəsiyini əhatə edir. Ən qədim gəmi eramızdan əvvəl V əsrə aiddir. İlkin ehtimallara görə, həmin gəmi o dövrdə Kadisdən balıq sousu daşıyırmış.
Mütəxəssislər körfəz dibinin dəqiq 3D xəritəsini yaratmaq üçün exolot və maqnitometrlərdən yararlanıblar. İqlim dəyişiklikləri nəticəsində dəyişən su axınları körfəzin dibindəki yeni obyektləri üzə çıxarıb. Ona görə də hazırda körfəzin yalnız 400 metrə qədər olan kiçik bir hissəsi tədqiq olunub, bu da gələcəkdə daha çox tarixi tapıntının aşkarlanacağına işarə edir.
Kəşflər arasında ən diqqətçəkəni Napoleon müharibələri dövrünə aid gəmi qalıqlarıdır. Bundan əlavə, arxeoloqlar İkinci Dünya müharibəsi illərində Britaniya donanmasına hücum etmiş İtaliyaya məxsus "Mayale" ultra kiçik sualtı qayığının qalıqlarını da aşkar ediblər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”