Xəbər verdiyimiz kimi, ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib.
Qırıcıların göndərilməsinin səbəbi münaqişəsinin yenidən başlaması ola bilərmi?
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, son günlərdə ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşməsi nəticəsində danışıqlar prosesi dalana dirənib.
"Hər iki tərəf özünü qalib hesab edərək qarşılıqlı şərtlər irəli sürdüyü üçün prosesin nəinki nəticə verməsi, hətta davam etdirilməsi belə real görünmür. Hazırda olduqca qəliz və mürəkkəb bir vəziyyət yaranıb. İran Hörmüz boğazını, ABŞ isə ümumilikdə İranı blokadaya alıb. Tərəflər bir-birini günahlandırmağa davam edir, ziddiyyətli açıqlamalar və qeyri-müəyyənlik hökm sürür. Mövcud şəraitdə ABŞ-nin həm maliyyə, həm hərbi, həm də siyasi-iqtisadi və diplomatik resursları ona İrana qarşı daha güclü təsir mexanizmləri, üstünlük qazandırır. İranın isə hələlik ABŞ-yə təzyiq göstərmək üçün ciddi bir rıçaqı yoxdur. Bu üstünlüyü daha da möhkəmləndirmək məqsədilə ABŞ regiona əlavə qüvvələr cəlb edir. Belə görünür ki, İsrail və ABŞ İrana qarşı yeni döyüş əməliyyatlarına başlamaq niyyətindədir. Hər bir halda, yaxın günlərdə müttəfiqlərin İrana qarşı hərbi təzyiqi və psixoloji təsir kampaniyasını daha da artıracağı gözlənilir", - deyə müsahibimiz əlavə etdi.
Xədicə BAXIŞLI