RU

Su itkisinin qarşısının alınması Azərbaycan üçün prioritet məsələdir - ŞƏRH

Bakı, 24 aprel, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Regional Ekoloji Sammitdə BMT-nin nəzdində Beynəlxalq Su Təşkilatının yaradılmasını təklif edib. Azərbaycanın da bu təşəbbüsü dəstəkləməsi gözlənilir. Baş nazir Əli Əsədov Qazaxıstan Prezidentinin təşəbbüsü ilə təşkil edilən 2026-cı il Regional Ekoloji Sammitdə ölkəmizi təmsil edib.

Bu barədə AZƏRTAC-a verdiyi şərhdə “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.

O qeyd edib ki, Mərkəzi Asiya ölkələri uzun illərdir ciddi su çatışmazlığı ilə üzləşir və bu məsələ Afrika da daxil olmaqla digər bölgələr üçün də aktualdır. “Bu baxımdan Qazaxıstanın təşəbbüsü təqdirəlayiqdir. Əminəm ki, bir çox ölkələr, xüsusən də Azərbaycan bu təşəbbüsü dəstəkləyəcək”, - deyə o vurğulayıb.

A. Məmmədov qeyd edib ki, Xəzəryanı ölkə olan Azərbaycan həm Xəzər dənizinin səviyyəsinin aşağı düşməsindən, həm də su təchizatı üçün xarici mənbələrdən əhəmiyyətli dərəcədə asılılıqdan əziyyət çəkir.

“Azərbaycanın su ehtiyatlarının 70 faizindən çoxu Kür və Araz çaylarından gəlir. Bu çaylar mənbəyini qonşu ölkələrdən alır. Bu kontekstdə BMT çərçivəsində belə bir təşkilatın yaradılması həm Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi probleminin həllində, həm də ölkədə su çatışmazlığının aradan qaldırılmasında mühüm addım ola bilər”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün ölkə daxilində əhəmiyyətli işlər görülüb və mühüm addımlar atılıb. Üç il əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Agentliyi yaradılıb və bu agentlik su ehtiyatlarının idarə olunması sahəsində fəaliyyətini artıq genişləndirib.

Onun sözlərinə görə, Azərbaycan su ilə bağlı bir sıra problemlərlə üzləşir. Xüsusilə, Kür-Araz ovalığı ölkə ərazisinin təxminən 40 faizini təşkil edir və orada yerləşən rayonlarda su çatışmazlığı müşahidə olunur.

“Su itkisinin qarşısının alınması və onun ehtiyatlarının düzgün idarə olunması Azərbaycan üçün prioritet məsələdir. Bu istiqamətdə işlər davam edir və gələcək strategiyalar artıq müəyyən edilib”, - deyə A. Məmmədov sözlərini yekunlaşdırıb.

Müxbir – Pərvanə Qafarova

Избранный
22
1
azertag.az

3Источники