RU

Muzeydə təcrübə keçən tələbələrə Hacı Kərim Sanılının fəaliyyəti barədə məlumat verilib

Bakı, 24 aprel, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçən tələbələr üçün növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, filiallarla iş üzrə direktor müavini Ləman Muxtarova Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlərindən biri olmuş şair, pedaqoq, ictimai-siyasi xadim Hacı Kərim Sanılının yaradıcılığı haqqında məruzə edib. Ədibin uşaqlıq və təhsil illəri haqqında ətraflı məlumat verən L.Muxtarova onun 1918-ci ildə Azərbaycan Parlamentində Sosialistlər fraksiyasının üzvü kimi təmsil olunduğunu da qeyd edib. Bildirib ki, ədibin mütərəqqi ideyaları vaxtilə mürtəce din xadimlərinin etirazına səbəb olsa da, müəllimliyə başladığı illərdən təqiblərlə üzləşsə də, o, kəndlilərin hüququnu qoruyur, yeniliyə, tərəqqiyə aparan nümayişlərdə iştirak edirdi. Şair kəndlilərin rahat yaşamasının, təhsil almasının tərəfdarı olub, qadınların maariflənməsinə xüsusi diqqət göstərərək bunun üçün hər zaman mübarizə aparıb. Hacı Kərim Sanılı bütün yaradıcılıq ruhu ilə Azərbaycan kəndi və kənd həyatının ən mahir tərənnümçüsü olub, dövrün tənqidçiləri onun haqqında “kənd ədəbiyyatının öndə gedən nümayəndəsi” – deyirdilər.

Bildirilib ki, 1922-ci ilin mart ayında Məclisi-Məbusanın maarifçi üzvlərindən “Yeni Əlifba Komitəsi” və komissiyası yaradılmışdı. Latın əlifbasının əsaslarını öyrənmək işini Hacı Kərim Sanılı öz üzərinə götürüb və çox keçmədən "Böyüklər üçün əlifba kitabı" dərsliyini yazaraq komissiyaya təqdim edib. Sovet hakimiyyətinin yarandığı ilk illərdə ərsəyə gəlmiş ilk Azərbaycan tairixi poeması da ona məxsusdur. O, ilk poeması olan “Aran köçü”ndə yaylaq həyatının bütün incəliklərini, göz oxşayan təbiətini, çobanların sevincini, ağrı-acısını bədii lövhələrlə təsvir edib.

Seminarda tələbələrin sualları cavablandırılıb, ictimai-siyasi xadim Hacı Kərim Sanılının XX əsr tariximizdəki siyasi fəaliyyətinə, o cümlədən repressiya illərinin qurbanı olması faktına da toxunulub.

Избранный
52
1
azertag.az

2Источники