RU

"Qeyri-hökumət təşkilatlarının radikallaşma ilə bağlı xeyli işlər aparmasına ehtiyac var" - İlqar Hüseynli

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq 21 aprel 2026-cı il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 2 (iki) qadın və 3 (üç) uşaq olmaqla, ümumilikdə 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşının Türkiyə Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.

İlqar Hüseynli bildirib ki, radikallaşma ilə mübarizə genişmiqyaslı və koordinasiyalı fəaliyyət tələb edir: "Ümumiyyətlə, radikallaşma ilə bağlı qeyri-hökumət təşkilatlarının xeyli işlər aparmasına ehtiyac var. Həm qeyri-hökumət təşkilatlarının, həm də dövlət qurumlarının dini radikalizmə və terrorçuluğa meyllənmə tendensiyalarının aradan qaldırılması istiqamətində fəaliyyət göstərməsi vacibdir. Xüsusən gənclər arasında bu işlərin həyata keçirilməsi risklərin azaldılmasında ciddi irəliləyişə səbəb ola bilər. Bu istiqamətdə genişmiqyaslı işlər aparılmalıdır".

Sədr vurğulayıb ki, dövlətin humanist yanaşması vətəndaşların qorunmasında mühüm rol oynayır: "O ki qaldı ölkə prezidentinin belə bir humanist təşəbbüsünə, bunun qanunvericilikdə əvvəlcədən əksini tapması çox əhəmiyyətli məqamdır. Xüsusən vətəndaşlara sahib çıxmaq baxımından dövlətin istər xarici ölkələrdə, istərsə də ölkə daxilində çətinlik və problemlərlə üzləşən vətəndaşlarına, o cümlədən yetkinlik yaşına çatmayan gənclərə reabilitasiya və repatriasiya imkanları yaratması çox humanist mövqedir. Bu yanaşma təqdirəlayiqdir və dəstəklənməlidir".

Fatimə Nəbiyeva

Избранный
69
qht.az

1Источники