RU

Xəccə Abdulla Yeni Güney Azərbaycan layihəsində Məhdiyyə Paydarın hekayəsi

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az Əli Çağlanın təqdimatında "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın “Xəccə Abdulla” adlı hekayəsini təqdim edir.

- Az saatı soruş görüm... əh... dığlatdın... - üz-gözümü turşudub bunu dilaltı Abdullaya mızıldadığımda, “acımdan ölürəm ba yetim” deyib donquldandı. Yenə yumurta dürməyi gətirib səyahət zəngi həyətə çıxmadan sinifdə dərdləndi. İş-peşəsi iyli yer-yeməli nəsə gətirib qarnının goruna ötürmək idi. Həmişə üst-başından kəllə-paça iyi gələrdi. Hələ tərəvəz dürməyini xırpa-xırp qulağımın dibində gövşəyə-gövşəyə danışmaq istəyəndə ağzından vurardım. Mən başıdaşlı quyruq kimi onun böyüründən yapışıb qopmaq da istəmirdim. Söz ağzından qurtarmadan ərəb dili müəllimi “Xədicə Cahanbəxş” deyib Abdullanı dərsə çağırdı. Bu kişidən tük tökərdik. Bir yol analarımızı mədrəsəyə çəkmişdi. Mənim anam gələn deyildi. Ancaq xalam atıla-atıla durub gəlmişdi. Ərəb dili müəllimi dedi:- Qızının lap çox nömrəsi on birdir. Xalam da dedi: - Nənəsi ölmüşün başı ağrıyır, dərsi bir yerə yığa bilmir, siz güzəşt eləyin.Müəllim də nə götürdü, nə qoydu dedi:- Hə! Ona görə səhərdən axşama ağzı qalıb qulaqlarının dibində, heç özünə hələ-hırnadan qalmır. Abdulla can-ciyər xalaqızım olsa da hərdən zəhləmi aparardı. Ürəyimdə “inşallah sıfır alarsan” dedim. Daha hamımız arxayın olduq, Cahandan başqa kimsəni dərsə çağırmağa vaxt olmayacaq. Bu üzdən zahı bacılar kimi yaylandıq oturacaqlarımıza. Xalam boylu olanda atası yuxuda görmüşdü bir nurlu, işıqlı kişi gəlir uşağı qucağına alır, “bunun adı Abdulladır” deyir. Bu üzdən uşaq anadan olmadan oğlandır sanıb adını Abdulla qoymuşdular. Amma uşaq olandan sonra gördülər qızdır, handan-hana adını Xəccə qoydular.

Nurlu kişi də Abdullanı pay versə idi, əvvəldən qapqara idi, qarnı, yanları, hər yeri; iynə vuranda görmüşdüm da. Doktor-doktor oynayanda görmüşdüm. Biz elə göz açandan Abdullanı Abdulla səsləyərdik. Dilimiz çönməz idi Xəccə çağıraq. Abdulla Abdullalar kimi yaşasa da, ancaq öləndə Xəccələr kimi öldü. Mədrəsəyə gedən il anam dedi: - Orda bunu Xəccə səslə! Mən əvvəllər boyun vermirdim, gülürdüm. Ancaq bir az qara-qorxu verəndən sonra çalışdım adını da səsləməsəm, soyadını səsləyəm: Cahanbəxş! Lap sadəsi: Cahan! O zamanlar bir özgəsi küçə-bacada görsəydi uzun saçlı bir qız topu götürüb qaçır, ya da “Qayış qoydu”da hayını başına atıb; huyuq qalardı. Ara-sıra da biri üz eləyib soruşsaydı “sən qızsan yoxsa oğlan?!” Abdullanın hövsələsi çəkməzdi açıqlasın, deyərdi: - Bunlar bizə qaranlıqdır. Bu sözü də abamdan öyrənmişdi. Haqqı danmaq istəyəndə belə deyib özünü qurtarıb əlindən gələni yeddi qaba çəkib onun-bunun sözünü dolandırıb adamları bir-birinin canına salardı.

Abamın evi dəlixananın yanında idi. Cümə günləri dəlixanada çal-çağır olanda gedib oranın qabağını kəsərdik. Bizə yol verməzdilər gedək içəri. Ancaq oranın qapısında dəxil düşüb, sarmaşıqlara göz dikib çalğı səsi ilə itin kefini eləyərdik. Bir yol Abdulla gülüb-oynayanda dəlilərin biri tüpürdü kəlləsinə. Mən əvvəl dedim bəs qarğa sıçdı təpəsinə. Hırnayıb başımı qovzadıqda keçəl dəli mənim də üz-gözümü boyadı. İkimiz də it olub ona sarı tüpürdük. Tüpürcəklərimiz göyə qalxmadan öz başımıza düşdü. Çimçişərək qoyub qaçdıq abagilə. Gecələr abagildə qalsaydıq, yatanda abanın o əl, bu əlində uzanardıq. Aba da barmaqlarını daraq eləyib saçlarımızı darayıb tumarlayardı. Mənim saçlarım çiyinlərimdən idi. Hərdən Abdullaya deyərdim:- Görəsən saçlarım gəlin olanadək ayaqlarımın üzünə çatacaq? Abdulla deyərdi: - Mən sənin toyuna gəlməyəcəyəm. O günədək yekə oğlan olub buralardan gedəcəyəm. Aba saçlarımızla on dənə hörük hörərdi. Abdulla dərsə gedəndən başını qısa vurardı. Xalam istəsəydi öncələrə tay onun saçlarını uzatsın, Abdulla qayçını götürüb özünü keçiyə oxşadardı. Qayçıya zada yaman bazlığı var idi. Bir dəfə atam Bakıdan gələndə hərəmizə bir kukla gətirmişdi. Mənim canım ürpəşərdi kuklaya əl vuranda. Əlimə toxunmasın deyə qab dəsmalı ilə kukladan yapışıb qoymuşdum şüşəli şkafa, qıfıllayıb balaca açarını salmışdım boş dəxilimə. O dəxilə bir qara pul da salmazdım. Qorxardım pul yığsam biri alıb xərcləyə. O üzdən bir qıran da əlimə düşsəydi, elə orda başına daş salıb dincələrdim. Mənim kuklamın tayını Abdulla bir neçə gün oynadıb əllərinin qara-qurası ilə onun donunu zadını boyamışdı. Sonra bir gün nahar yeməyini xala gildə olanda hamını yuxuya verib qayçını gətirdi. “Al bunu” deyib küçəyə açılan pəncərəni açdı. Baqqal Süleyman, dükanında kartofların zığını silirdi. Mən xalamın ərinin corablarını əllərimə keçirib kuklanı saxladım. Abdulla da dişlərini ağarda-ağarda başını qırxıb küçəyə tökürdü. Elə o an xalaoğlum küçədən havar təpə-təpə pillələri çıxıb gəlib “Saralmış! O pox nədir eşiyə ələyirsən?” deyib xalamgilə çuğulluq elədi. Xalaqızım da atılıb Abdullanın saçını yoldu. Necə ki, bir gün xalam, xalaqızıma çadralıq alıb biçəndə Abdullaya heç nə almadığı üçün Abdulla yavaşca qayçını götürüb çadranın ətəklərini öz ağlında, öz boyunca kəsmişdi. O gün də xalaqızım bunun başını yolduqda mən qorxmuşdum. Yuxulaya-yuxulaya bunları düşünərdim. Aba da başımızı qurdalayardı. Elə bil eşşəyə qaşov çəkirsən, ay kef eləyərdik. Bu üzdən hərdən abagildə qalan günlər, aba başımızı yatanda çox bitləyib əlləri bekar qalmasın deyə axşam çağı həyət-bacada oynayanda bir-birimizin başına qumdan, torpaqdan tökərdik. Dərsə gedən il tayfa-tırığımız bala-bala başladılar Abdullanı, Xəccə səsləməyə. Abdulla səs verməzdi. - Mən oğlanam ba! Məni qızların adı ilə səsləməyin uzunqulaqlar! – deyib hirsdən itə dönərdi. Bir səfər günorta çağı abagildən əkilib getdik Hacı Qafarın bağında itə baxmağa. Bağa girdikdə sağ əldə bir ev var idi. Qabaqca tut vaxtı küçələrin canına düşüb tut ağacı axtarmaq havası ilə gəlib buraları görmüşdük. Bir qoca çoban da düdəmələrini gətirmişdi, yeri gəmirirdilər. Mən əyilib yerdən ilbizlərin boş sədəflərini götürüb ovcumda saxlayırdım. Bağın ortalarında bir üzüaşağı var idi. Anqıra-anqıra oradan qaçıb gülmüşdük. Sonra tutlardan yeyib canımız çıxa-çıxa üzüyuxarı çıxmışdıq. Evə dönmək istəyəndə qovzanıb o evə baxdıq. Divarı olsa da bir az aşağılıq idi. Qapısı elə bil dal küçədən idi. Ancaq qara hündür it səssiz oturmuşdu. Abdulla “haf-haf” deyəndə hürdü. Onun dalınca üç cavan oğlan içəridən həyətə çıxdılar. Biz də qorxub qaçdıq. Abdulla dedi: - Bir gün gələk, bu xaraba evlərdən simləri qoparıb sataq. Amma onda balaca idik, çox uzağa gedə bilməzdik. Abdulla uzun-uzun arzularından deyərdi. Sevərdi bir gün balıq dükanı açaq. Əlixan küçəsinin ağzında bir sınıqçı var idi. Gündə gəlib məni qapımızdan çağırıb xaraba qalmış mədrəsəyə gedəndə oradan keçərdik. Abdulla baxıb deyirdi: - Ay bir buranı alaq, hovuz qoyub kabablıq balıq becərdib sataq. Gülüb deyərdim: - Axı züyüldəyib küçəyə düşəndə biz iki qız əliyalın necə onları tutaq? O da gülüb deyərdi: - Elə o cür olar, adımız çıxar, müştəri yığılar da tünbətün... İlboyu güdərdik bir gün bir zad tapıb aparaq cümə bazarında sataq. Xalaoğlum bizi səriyib deyərdi: - Cümə bazarında bir arvad da görə bilməzsiz. Ancaq gəlsəniz, gəlin aparım “Baği-Rizvan”da fatihəyə. Sonra da gülərdi. Güləndə burnunun suyu gələrdi. Deyərdik: - Səriyənin dədəsi it ilə yatsın? Deyərdi: - Hansı Səriyyə? Uzun Səriyyə? Yenə gülüb burnunun suyunu axıdardı. Burun dəsmalı da yox idi. Bizim amma hər vaxt çantamızda olardı. Soyuq dəyəndə ona fınxırardıq, sonra da yuyub qurudardıq. Salfet tapa bilməzdik. Tapsaydıq da heyifsilənərdik ona fınxıraq. Anam deyərdi: - Qız uşağının mədrəsə çantasında gərək hər vaxt bir dəsmal olsun. Amma Abdulla baş qoşmazdı. Ancaq yeyib-içib oynaqlayıb şıltaqlıq eləməyində idi. Zəng vurulan kimi yüyürdük həyətə. Sinifə qayıdanda, yumurta qoxusu hər yanı bürümüşdü. Kükürd damının qoxusu gəlirdi. Bağda zirzəmidə kükürdü yandırıb eşiyə qaçanadək az qala boğulardıq. Zəhləm gedərdi gilənar yolub günün altında qax eləməkdən. Sevərdim sarımsağı şişə taxıb oda tutam. Ancaq hərdən günün altında qalmış isti alçaları qarnıma atıb gözlərimi yumub kef elərdim. Hərdən də ərik çəyirdəyi tapa bilməyəndə, alça çəyirdəyi tapıb gözlərimə təpərdim. Aba demişdi; alça çəyirdəyi adamı kar elər. Mən də əllərimi qulaqlarıma qoyub kar olmağı düşünərdim. Sonrası qarnım ağrıyanda gülərdilər, deyərdilər: - Böyük qız olursan. – deməzdim; kar oluram.Mən sarımsaq kabab eləyəndə Abdulla da sevərdi zərrəbinlə qarışqaları yandırsın. Yanıq qoxusu gələrdi. Xalam görsəydi də heç bir söz deməzdi. Amma bir gün Abdulla, ölü siçanın qarnını kəsib təsbehə oxşar balalarını çəkib çıxartdı, anasına göstərmək istədi. Xalam onu görən kimi ürəyi qalxıb “torpaq səndən ucada dursun” dedi. Abdulla dişlərini ağardıb güldü.

Mənə anam qarğış eləsəydi ağlayardım, amma Abdulla ağlamazdı. Ağlamayan Abdulla sancıdan boğulurkən uzanıb ağlayırdı. Anamla getdik yoxlamasına. Yaldır məscidindən Quran səsi gəlirdi. Evimiz çox yaxın idi. Ayaqüstü görürdük, qayıdaq. Keçəl İsmayıldan banan aldıq. Xalam Abdullaya yer salmışdı, xalaqızım da quymaq bişirmişdi. Quymağın çoxunu mən aşırdım. Abdulla yorğanı çəkmişdi başına. Kimsəni görmək istəmirdi. Başıdaşlı o gün ilk dəfə mədrəsədə aybaşı olub, dəsmalı olmadan özünü yumuşdu. Arından mənə də deməmişdi. Deyirdi bəs bu tezliklə qurtaracaq. Evə döndükdə də yenə dəqiqəbaşı özünü yumuşdu. İçalatı şeh çəkib dərd tutmuşdu. Neçə günədək Abdulla da həmin adam deyildi. Sınıxmışdı. Yenə saçlarının canına düşüb keşkə qız olmazdım deyə keçiyə oxşar bir şey olmuşdu. Mırt verib duzsuzluq etsə də; baxışları solğun idi. Güləndə gözüm qabaqdakı sınıq dişinə sataşdı. Dedim: - Bir daha gül bir, Abdulla...Üzünü o yana çevirdi. Sanırdım xalaoğlum vurub eləyib. O gün, günortadan sonra xalaqızımdan soruşanda dedi: - Yerə batmış özünü vurub lap qanmazlığa, huş eləmir Allah bunu qız yaradıb qurtarıb gedib... Mən bilmirəm sabah bunu necə ər evinə gəlin yollayacaqlar... Anqıra-anqıra daşı götürüb çırpdı ağzına ki, ana məni niyə qız doğmusan?.. Boyunu yerə soxum qız, sənin... Dəli şeytan deyirdi daşı al çırp ağılsız başına, elə orda murdar olsun...

Daha xalaqızımın sözlərinin qalanını eşitmədim. Yazığım gəldi, amma Abdullaya bildirmədim. Cümə günləri saat on birdə mədrəsədə, riyaziyyat dərsi salmışdılar. Biz də adam kimi başımızı aşağı salıb əlavə dərslərə gedib oradan da birlikdə çıxıb nahar yeməyinə abagilə gedərdik. O cümə, amma Abdullanın gözləri işıldayırdı. Mədrəsə yolunacan mənə bir söz deməmişdi. Yolda başladı cümə bazarına getməkdən dedi. Qorxsam da Abdullaya yox gətirmədim. Düz deyirdi da, meydanın özünə də yol verməsələr uzaqdan bir görüb bilərdik gələn dəfə nə təhər gəlməliyik. Bir gün dərsi sürtməklə güdaza getməzdik. Yolu danışa-danışa getdik.

Abdulla deyirdi mədrəsənin “Dəheyi-Fəcr” (İran inqilabının qələbəsinin qeyd edildiyi gün) oyununda geydiyim cır-cındırı gətirsəydim, oğlan sifətində gedərdik. Mədrəsədə gahdan “Dəheyi-Fəcr”, gahdan səf başında proqram zad olanda Abdulla qardaşının köhnə paltarlarını gətirib əyninə təpərdi. Hər il də şahın nökəri rolunda olardı. Mənim ətim tökülərdi. Müəllimlərin -zadın qoduğu şah-vəzir rolunda olardılar, bu yabı da ancaq şahın nökəri. Elə düzünə duranda nökərə çox oxşayırdı ta şah balasına.“Yaldır”dan belə “Səmsami dərbəndi”ndən düşüb getdik mərkəzə. Oradan da cümə məscidinin yanından girdik “Qənbər çeşmə”yə. Divlər küçəsində nəm hansı itimizin qurd dayısıgil olardılar. Qorxurduq görüb eləyən olar, ona görə “Culfa küçəsi”nə çıxmadan şəhrbaninin (polis idarəsi) arxasından salıb “Armudluq”dan tutub “Baği-Rizvan”a sarı düşdük yola. Bir az yorulsaq da cınqırımız çıxmayırdı. “Baği-Rizvan”a yetişən kimi içimizdə sevinclə qorxunu birgə duyduq. Abdullanı bilmirəm, amma mən Quranla növhə səsinin gəlib-gəlməsinin heç fərqində deyildim. Fikrim yalnız oranı keçib meydana çatmaq idi. Ora qədər bizə diqqət eləyən olmamışdı, amma “Baği-Rizvan”dan o yana meydana yaxın barmaqla göstərib hırnamaqlar başlandı. Daha artıq qabağa keçmədik. Ancaq elə qıvır-zıvırı bir qolay görüb geri qayıtdıq: naxoş toyuq, daş kələm, kürdü tuman, saman bardanları, yanıq xalça, oğurluq maqnitofon və s.Qayıdanbaş yolun bir azını dinib-danışmadan gəldik. Sonra Abdulla başladı: - Görəsən nahar yeməyi nədir? Bir az hava sözlər deyəndən sonra yenə dinmədi. Sonra ikimiz də özümüzü ələ alıb gülüşdük. Dedim: - Gələn dəfə də gedək imamzadəyə, qalaya zada...Dedi: - Parpalana çulğalanaq gedək? – güldük. O günü yeyib-içib hər cümə kimi keçirdik. Görüb eləyən olmamışdı. Əlavə dərsləri də zor olmadan müəllimin zadın işi olmadı. Mən sevirdim bir gün də Təbrizə gedək.

Gələn cümə tez yetişsin deyə anları sayırdıq. Hələ hara getməyimizə qərar verməmişdik?!

Çərşənbə günü mədrəsədən evə döndüyümüzdə uşaqlıqda sel kimi gələn günləri xatırlayıb gülürdük. Onda “Yaldır məscidi”nin yanında durub çaşbaşlıqla lığ suyun yüyürməyinə baxardıq. İndi heç qoymurdular məhərrəmlikdə cana sinər şaxseyə də baxaq. Mən "şaxsey-vaxsey" çox sevərdim. Bir oğlandan da vaz keçməzdim, hamısını başdan-ayağa süzərdim. Amma Abdullanın qanı tərsinə işləyərdi. Şaxseyə qatılmaqdan sonra başqa heç bir zadı düşünməzdi. Bir gün elçilər onun üçün gələndə acığından pərdə arxasında yükün üstündə gizlənir, yük aşır təpəsi üstə, düz qabaqlarına düşür. Mən olsaydım çayı tutub tez qayıdardım. Abam elçiyə “Allah qonağı” deyərdi, biz gülərdik.

Ağlamaq istəyirəm. Saçlarımı daramaq istəyirəm. Daraya-daraya yolmaq istəyirəm. Ölüm deyildi ki. Amma Xəccə danqaz idi, özünü eşşəkliyə vurmuşdu. Atası da o üzdən dəli olmuşdu. Qabaqcalar belə işlərə heç qarışmazdı. Yalnız arvad-uşaq çığır-bağırına gülərdi. Bir yol uşaqlıqda Abdulla ilə savaşdıq, qulağımı dişlədi. Gücüm çatmadı vuram. “Yaş itin küçüyü” deyib qışqırdım. Atam tər tökdü. Amma onun atası qəhqəhə çəkib güldü. Atası it kimi vəngildəyincə vurmuşdu. Deyirdi: - Abır aparan işlər görürsən... Qalıbsan ara yerdə... Sən cümə bazarında nə pox yeyirsən?.. Gözünü yumub ağzını açmışdı. Əlini onun üstünə qovzamışdı. Xalam da, xalaoğlum da heç biri onu, atasının əlindən ala bilməmişdi. Bir an idi. Özündən gedəndə üz-gözünə min yol da su səpsələr, özünə gəlməmişdi, - xalaqızım deyirdi. Başını yolub deyirdi. Özünü yeyirdi. Dişim dişimi kəsirdi. Aparmışdılar həkimə. Heç bir yeri çapılmadan qurtarmışdı. Canı səpsərin idi. Qayçını əlimə aldıqda dəmirin sərinliyini duyuram. Görəsən torpaq bundan da sərin olar? Mənim saçım heç zaman o qədər olmazdı heç, hələ saçqırxanı ola...

Mən bilmirdim, xalaqızım deyirdi. Rübab dayı gəlini deyirdi. Mürdəşir deyirdi. Onunla cici-bacı idi. Onda demirdi, qırxından sonra deyirdi...

Yuyanda yarıcan idi. Çox sərin, amma diri idi.

Sus... Yu... Kəfənlə... Biz daha adam içində baş qovzaya bilmərik... - Xalam demişdi, ağlayıb demişdi.

Təlqin... oyan...

Ləhəd daşı (qəbir daşı)... qovzan...

Torpaq... torpaq... quylan... quylan...

Hər ölünün qəbrinin başında, ölü dirilsə çıxa bilsin deyə balaca dərbəçə (kiçik pəncərə) olsa da, onun qəbrində yox idi.

Mənim onun qəbrinin üstünə getməyə ürəyim yoxdur. Onun da mənim yuxularıma gəlməyə. Saçlarım dəstə-dəstə qayçının ağzından qurtulub tökülür. Göz yaşım heç üzümə tökülmür... tökülmür...

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

Layk xətrinə gözəlliyi məhv edən "gözəllər"

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
kulis.az

1Источники