RU

Yaxşı ailə mühiti nəsillərin taleyini dəyişir  

İsveçin Karolinska İnstitutunda aparılan yeni bir araşdırma uşaqların böyüdüyü ailə mühitinin onların həyatına necə təsir etdiyini üzə çıxarıb.

“MedicalXpress” portalının məlumatına görə, “The BMJ” jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, sağlam ailə şəraiti uşağı cinayətkarlıqdan qorumaqla yanaşı, onun təhsil və iqtisadi uğurlarını da təmin edir.

Alimlər 12 mindən çox bacı-qardaşın həyatını izləyərək maraqlı məqamları müəyyən ediblər. Mənəvi imkanları geniş olan ailələrdə böyüyən uşaqların psixi sağlamlığı daha möhkəm olur, onlar məktəbdə daha yüksək nəticələr göstərirlər. Bu uşaqlar arasında qanun pozuntularına yol vermə halları minimuma enir. Müsbət təsir sadəcə həmin uşaqla bitmir, onların gələcəkdə doğulacaq övladları da daha yaxşı sosial və iqtisadi vəziyyətdə yaşayırlar.

Tədqiqatın müəllifi Erik Pettersson bildirib ki, yaxşı ailə şəraiti xüsusilə, çətinliklərlə üzləşən uşaqların həyatında böyük dönüş nöqtəsi yaradır. 

Alimlər vurğulayırlar ki, bu nəticələr övladlığa götürməni təbliğ etmək üçün deyil, dövlətlərin uşaqlara dəstək proqramlarını artırması üçün bir siqnaldır. Ailələrə göstərilən sosial yardım və dəstək uzunmüddətli perspektivdə sağlam bir cəmiyyətin təməlini qoyur.

 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
82
azerbaijan-news.az

1Источники