Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan 9 nəfərdən biri Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Samir Tağızadə ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.
Publika.az xəbər verir ki, o, təəssüratlarını “Qafqazinfo” ilə bölüşüb:
“Sevincimi sözlə ifadə edə bilmirəm. Maksimum nəticə üçün çox çalışmaq lazımdır. İnsan gərək hər şeyi yerli-yerində etsin: istirahətini də, əyləncəsini də, dərslərini də eyni şəkildə. Vaxtı düzgün bölmək lazımdır. Uğura gedən yolda ən əsas şey zaman bölgüsüdür. İmtahanda da bizim üçün ən vacib şərt zamanı düzgün idarə etməkdir. İmtahandan sonra yazdıqlarımı yoxladım, səhvim çıxmadı. Düşündüm ki, cavab kartına köçürmədə problem olmayıbsa, 300 bal toplamışam. Bu nəticəni əvvəlcədən gözləyirdim. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram və həkim olmaq istəyirəm. Neyrocərrahlıq sahəsi mənə daha cazibədar gəlir. 8-ci sinifdə fizika fənni üzrə olimpiadada bürünc medala layiq görülmüşəm, həmçinin ötən il “Əlaçı” verilişinin qalibi olmuşam. Bir çox intellektual müsabiqələrdə də iştirak etmişəm”.